ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqların növbəti mərhələsi üçün Norveçə səfər edəcəyi gözlənilir. AnewZ-nin “Reuters”ə istinadən verdiyi məlumata görə, görüşlərdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı nəzərdə tutulur.
Məsələ ilə tanış olan üç nəfərin sözlərinə görə, Osloda keçiriləcək müzakirələrə Norveçin Baş naziri Yonas Qar Store, E4 qrupunun — Böyük Britaniya, Fransa, Almaniya və Polşanın — nümayəndələri, Avropa İttifaqı və NATO təmsilçiləri də qatılacaq.
Danışıqlarda iştirakı gözlənilən Trampın kürəkəni Cared Kuşnerin xəstələndiyi və görüşə onlayn qoşulacağı bildirilib.
Həmin şəxslərdən ikisinin dediyinə görə, Vitkoff Putinlə görüşmək üçün Rusiyaya da yollanacaq. Rusiya tərəfi ilə danışıqlarda Ukrayna ilə bağlı müxtəlif məsələlərin, eləcə də 2022-ci ildə Rusiyada həbs edilən ABŞ vətəndaşı Stiven Habardın azadlığa buraxılmasının müzakirəsi nəzərdə tutulur.
Anonimlik şərti ilə danışan şəxslər səfər və görüşlərin planının ilkin olduğunu, dəyişə biləcəyini qeyd ediblər.