Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şmona” İsrail Premyer Liqasının 11-ci turunda xalsız qalıb. Komanda səfərdə “Hapoel Ramat Qan”a 0:1 hesabı ilə uduzub.
Matçın taleyini üçüncü dəqiqədə vurulan qol həll edib. Kristofer Bonifeys baş zərbəsi ilə meydan sahiblərini önə keçirib. Bu, görüşün yeganə qolu olub.
Rüfət Abdullazadə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Fasilədə “Kiryat Şmona” dörd əvəzetmə edib və millimizin üzvü 46-cı dəqiqədə meydana daxil olaraq oyunun sonunadək mübarizə aparıb. Qonaqlar 76-cı dəqiqədə azlıqda qalıb: Talles Kosta kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
“Kiryat Şmona” topa 61 faiz sahib olub və 25 zərbə vurub, onlardan beşi çərçivəyə düşüb. “Hapoel Ramat Qan”ın 15 zərbəsinin altısı dəqiq olub.
Bu, “Kiryat Şmona”nın mövsümdə səkkizinci məğlubiyyətidir. Komanda 11 oyundan sonra yeddi xalla 12-ci pillədədir. Xallarını doqquza çatdıran “Hapoel Ramat Qan” 11-ci yerə yüksəlib. “Kiryat Şmona” növbəti turda, dekabrın 1-də “Makkabi Təl-Əviv”i qəbul edəcək.