ABŞ Dövlət katibi Marko Rubio Birləşmiş Ştatların Prezidenti Donald Trampın Ankara tərəfindən ödənişi edilmiş F-35 beşinci nəsil qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsinin tərəfdarı olduğunu bildirib. M.Rubio bu barədə Yunanıstanın “Kathimerini” qəzetinə verdiyi müsahibədə Ankaranın təyyarələri əldə etmək səylərini şərh edərkən deyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, amerikalı diplomat Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı məsələ tam tənzimlənməyənədək ABŞ qanunvericiliyinin bu təyyarələrin təhvil verilməsinə hüquqi olaraq imkan vermədiyini xatırladıb.
M.Rubio Ankaranın sözügedən hüquqi məhdudiyyətlərdən xəbərdar olduğunu və problemin aradan qaldırılması üçün müxtəlif həll yollarını araşdırdığını qeyd edib. Lakin dövlət katibi məsələnin hələ də yekun həllini tapmadığını və hazırda təyyarələrin Türkiyəyə verilməsinə dair qadağanın qüvvədə qaldığını vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl Prezident Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüşündə F-35-lərin satışına qoyulmuş məhdudiyyətlərin ləğv edilməsinə hazır olduğunu ifadə edə biləcəyi barədə məlumatlar yayılmışdı.
Öz növbəsində, İsrailin Baş naziri Binyamin Netanyahu F-35 qırıcılarının Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsinin Yaxın Şərqdə strateji qüvvələr balansını poza biləcəyini iddia edərək buna qarşı çıxış etmişdi. Otən ilin sonunda isə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ankaranın S-400 sistemlərini Rusiyaya geri qaytarmaq niyyətində olması ilə bağlı yayılan şayiələri təkzib etmişdi.