Birinci Liqada mübarizə aparan “Xankəndi”də baş məşqçi dəyişikliyi olub. Qarabağ təmsilçisi Zaur Hacıyevlə yollarını ayırdıqdan sonra komandanı Röyal Nəcəfova həvalə edib.
Dəyişikliyə çempionatın ilk üç turundakı nəticələr təsir edib. “Xankəndi” həmin oyunlarda bir heç-heçə və iki məğlubiyyət alaraq cəmi bir xal toplayıb.
Röyal Nəcəfov Sportinfo.az-a açıqlamasında komandanın heyətində keyfiyyətli futbolçuların olduğunu, lakin mövsümə uğurlu start verə bilmədiklərini deyib. O, ilk növbədə komandanı toparlayaraq vəziyyəti düzəltməyə çalışacaqlarını bildirib.
Baş məşqçinin sözlərinə görə, əsas məqsəd “Xankəndi”nin Birinci Liqada yerini qorumasıdır. Komanda bu hədəfə çatdıqdan sonra daha yüksək pillələr uğrunda mübarizə aparmağa çalışacaq. Nəcəfov gələcək mövsümlərdə Premyer Liqaya yüksəlmək uğrunda yarışmağı da planlaşdırdıqlarını qeyd edib.