Bakıda keçirilən dünya çempionatında 73 kq çəki dərəcəsində bürünc medal qazanan Rəşid Məmmədəliyev gələcək yarışlarda bu nəticəni qızıl medalla əvəzləmək istədiyini deyib.
Cüdoçu bildirib ki, çempionata hazırlıq zamanı komanda ölkə daxilində və xaricdə təlim-məşq toplanışları keçirib. Onun sözlərinə görə, rəhbərlik, məşqçilər, həkimlər və komanda yoldaşları üzərlərinə düşən işi vicdanla yerinə yetiriblər. Məmmədəliyev 60 kq-da qızıl, 73 kq-da isə bürünc medal qazanılmasını birgə əməyin nəticəsi kimi qiymətləndirib.
İdmançı ilk medalını 2019-cu ildə qazandıqdan sonra özünə inamının artdığını söyləyib. O, üstün cəhətlərindən biri kimi “Golden score” mərhələsində mübarizə aparmaq bacarığını göstərib və uşaqlıqdan gec yorulduğunu qeyd edib.
Məmmədəliyevin əsas hədəflərindən biri Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmaqdır. O, daim inkişaf etməyin qızıl medal qazanmaq üçün vacib olduğunu vurğulayıb. Cüdoçu həmçinin qələbə və məğlubiyyət anlarında ona dəstək olan hər kəsə təşəkkür edib.
Rəşid Məmmədəliyev oğlunun da cüdoçu olmasını arzuladığını, onu özü hazırlamaq və gələcəkdə Avropa, dünya və Olimpiya çempionu kimi görmək istədiyini bildirib.