Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatının fərdi yarışlarında rekord sayda – yeddi medal qazanan cüdoçuları təbrik edib.
Nəbiyev “X” sosial şəbəkəsindəki paylaşımında Uşanqi Kokaurinin gümüş, Kənan Nəsibovun isə bürünc medal əldə etdiyini bildirib. Onun sözlərinə görə, bu nəticə ilə Azərbaycan millisi fərdi yarışları yeddi medalla başa vurub. Federasiya rəhbəri idmançılara qarışıq komanda yarışında uğurlar arzulayıb.
Azərbaycan yığması fərdi yarışlarda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıb. Əhməd Yusifov 60 kq çəki dərəcəsində dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal əldə ediblər.
Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına oktyabrın 11-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.