Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Prezident İlham Əliyevin Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakını yüksək qiymətləndirib.
Nəbiyev sosial şəbəkə hesabında dövlət başçısının mərasimdə iştirakının Azərbaycan idmanına göstərilən diqqət və qayğını, eləcə də ölkədə cüdoya verilən xüsusi önəmi ifadə etdiyini bildirib.
ACF rəhbəri dünya cüdo ailəsini yenidən Bakıda salamlamaqdan məmnunluq duyduğunu qeyd edib və yarışda iştirak edən idmançılara uğurlar arzulayıb.
Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, Azərbaycanın böyüklər arasında dünya çempionatlarında qazandığı dördüncü qızıl medal, 60 kq-da isə ilk dünya çempionluğudur.