Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Münxendə səfərdə olarkən xaricdə yaşayan Emin Hüseynov təxribatçı sual verib.
Belə ki, Emin Hüseynovun təxribatçı sualına Mehriban Əliyeva belə cavab verib: "Siz səfirlikdə qadın paltarında gizlənən şəxs deyilsiniz?".
Bununla bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycanın artan gücünün bir sıra dairələri narahat etdiyini bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın güclənməsi bir çox qara qüvvələri, o cümlədən ayrı-ayrı ölkələri, qrupları və təşkilatları narahat edir.
Onun sözlərinə görə, ermənipərəst lobbiçiliyə xidmət edən və onlardan qidalanan bəzi şəxslər və təşkilatlar hələ də Azərbaycanın qələbəsini, uğurunu və yaratdığı yeni reallıqları qəbul etmək istəmirlər.
Vüqar İskəndərov təəssüf doğuran məqamlardan birinin də həmin şəxslər arasında azərbaycanlı soyadı daşıyan insanların olmasını vurğulayıb. O bildirib ki, həmin şəxslər təxribatçı qrupların tərkib hissəsi kimi onların sifarişlərini yerinə yetirir, xaricdə oturaraq Azərbaycanın uğurlarına kölgə salmağa cəhd göstərirlər. Deputatın fikrincə, bu yalnız cəhddir və heç kim buna nail ola bilməz.

Deputatın sözlərinə görə, bu gün Prezident İlham Əliyev tərəfindən yaradılan yeni siyasi konfiqurasiya və ölkənin artan gücü Azərbaycanın nüfuzunu daha da artırır, dost ölkələrin, təşkilatların və insanların sayını çoxaldır. Onun sözlərinə görə, Azərbaycan artıq qlobal arenada öz yolu və gücü olan bir ölkədir.
Vüqar İskəndərov Avropada dövlət başçısına ünvanlanan təxribatçı suala Prezident tərəfindən verilən tutarlı və dəqiq cavabı, həmçinin erməni mediasının nümayəndələrinə və xüsusilə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən verilən cavabı uğurlu siyasətin ifadəsi kimi qiymətləndirib.
Deputat qeyd edib ki, sualın özündə qərəz və təxribatçılıq olub, Mehriban Əliyeva isə bir neçə kəlmə ilə elə cavab verib ki, artıq deyiləcək bütün fikirlərə cavab verilmiş sayılır.
Onun sözlərinə görə, bu tutarlı və sərrast cavab həm ağlın, həm intellektin, həm də vətənə və dövlətə sevginin məcmusudur. Deputat bildirib ki, Azərbaycanı sevməyən qüvvələrin sifarişini yerinə yetirən və xaricdə ölkə haqqında mənfi rəy formalaşdırmağa çalışan şəxslərə siyasi rəhbərlik tərəfindən verilən tutarlı cavablar Azərbaycanın mövqeyini tam şəkildə ortaya qoyur.
Vüqar İskəndərov əlavə edib ki, hər şey zamanında öz yoluna qoyulacaq və təxribatçı şəxslər və qruplar etdikləri fəaliyyətə görə məsuliyyət daşıyacaqlar.
O vurğulayıb ki, əgər hüquqi pozuntular olarsa və ya dövlət əleyhinə siyasət həyata keçirməyə cəhd göstərilərsə, bu hallara hüquq çərçivəsində cavab veriləcək.
Deputatın fikrincə, Azərbaycan bu gün hərtərəfli mövqeyi, artan gücü və beynəlxalq nüfuzu ilə regionda və dünyada söz sahibi olan dövlətdir.