Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində səfərdə olan və hərəkətdə olan sürücülərə hava şəraiti ilə bağlı müraciət ünvanlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bildirilib ki, hazırda Azərbaycanın bir sıra bölgələrində müşahidə olunan qar yağıntısı və şaxtalı hava avtomobil yollarında hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirir.
Sürüşkən yol örtüyü, görünüş məsafəsinin azalması və hava şəraitinin qəfil dəyişməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.
Aparılan təhlillərə görə, qarlı havada baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.
Bu amilləri nəzərə alaraq, sürücülərə aşağıdakı tövsiyələr verilib:
Zəruri hallar istisna olmaqla, uzun məsafəli və dağlıq ərazilərə səfərlərdən mümkün qədər çəkinmək;
Avtomobillərin texniki vəziyyətini, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və hava təzyiqini əvvəlcədən yoxlamaq;
Qarlı və sürüşkən yollarda adi deyil, mütləq qış şinlərindən istifadə etmək;
Sürət həddini yol və hava şəraitinə uyğun müəyyənləşdirmək, nəqliyyat vasitələri arasında təhlükəsiz məsafəni qorumaq;
Yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməmək.
Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş iş rejimində xidmət aparır, riskli yol sahələrində nəzarət tədbirləri həyata keçirilir və sürücülərlə maarifləndirici söhbətlər davam etdirilir.
Sonda vurğulanıb ki, qarlı hava şəraitində düzgün şin seçimi yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir. Sürücülər yollarda daha diqqətli olmağa və təhlükəsizliyə birgə töhfə verməyə çağırılıb.