Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkmənistanın Türkmənbaşı şəhəri yaxınlığındakı Avaza milli turizm zonasında Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə ikitərəfli görüş keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya lideri Yaxın Şərq regionunda gərginləşən hərbi-siyasi vəziyyətin və təhlükəsizlik məsələlərinin danışıqların əsas gündəliyini təşkil etdiyini bildirib.
V.Putin vurğulayıb ki, İran zəmin yaratmadığı münaqişənin dayandırılması istiqamətində real və ciddi diplomatiya səyləri göstərir, böhranın dinc yolla həlli üçün konstruktiv təşəbbüslərlə çıxış edir.
“Rusiya Yaxın Şərqdəki mövcud vəziyyətin tənzimlənməsinə və böhranın aradan qaldırılmasına kömək etmək üçün imkan daxilində olan bütün zəruri addımları atmağa hazırdır. Eyni zamanda, Rusiya ilə İran arasında strateji xarakter daşıyan münasibətlər bütün sahələrdə dinamik və müsbət istiqamətdə inkişaf etməkdədir”, – deyə Vladimir Putin vurğulayıb.
Məsud Pezeşkian öz növbəsində Moskva və Tehran arasında ikitərəfli dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, regional sülhün bərqərar olunması üçün əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.