Litvanın LRT portalı Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah”ın “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etdiyi oyun barədə yazıb. Nəşr Valdas Dambrauskasın komandası ilə rəqibi arasında meydandakı üstünlük fərqini qeyd edib.
Coy-Lens Mikels 18-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib. Ksander Severina 68-ci dəqiqədə “Sabah”ın ikinci qolunu vurub.
LRT-nin diqqət çəkdiyi göstəricilərdən biri qapıya zərbələrin sayıdır: topa sahibolma hər iki komandada 50 faiz olsa da, zərbələrdə “Sabah” 22:1 hesabı ilə üstün olub.
Bakı təmsilçisi üç oyunluq qələbəsiz seriyadan sonra çempionatda ardıcıl ikinci qələbəsini qazanıb. 27 xalla turnir cədvəlinin ikinci pilləsində olan “Sabah” əlavə göstəricilərə görə “Turan Tovuz”u qabaqlayır. Dambrauskasın komandası lider “Neftçi”dən üç xal geri qalır, lakin hər iki rəqibindən bir oyun az keçirib.
“Araz-Naxçıvan” dörd xalla sonuncu yerdədir. “Sabah” növbəti oyununu dekabrın 1-də “İmişli”yə qarşı keçirəcək.