Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı İndoneziya Prezidenti ilə Davosda və Şarm Əl-Şeyxdə təmaslarını xatırladı, onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini bildirdi.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirdi.
Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd etdi.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səylə çalışacağını dedi.
Söhbət zamanı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderi qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkəmizlə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının önəminə toxundu. Əməkdaşlığımızın enerji sahəsi ilə başladığını deyən Azərbaycan Prezidenti mövcud münasibətlərin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə edən Andreas Qaarder diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğuladı.
Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, Azərbaycanın sülhün gücləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini dedi.
Andreas Qaarder ölkəsinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi.
Görüşdə həm Azərbaycanın, həm də Norveçin Avropa İttifaqının enerji təchizatçısı olduqları vurğulanaraq, bu xüsusda enerji təhlükəsizliyi məsələləri müzakirə edildi.
Söhbət zamanı ikitərəfli gündəliyimiz, o cümlədən iqtisadiyyat, ticarət, enerji, həmçinin bərpaolunan enerji, sərmayələr, biznes əlaqələrinin qurulması istiqamətlərində əməkdaşlıq, regionda nəqliyyat bağlantılarının qurulması məsələləri ətrafında fikir mübadiləsi aparıldı, COP30 çərçivəsində səmərəli tərəfdaşlıq yüksək qiymətləndirildi.