"Polo" qasırğası Meksika sahilləri yaxınlığında sürətlə güclənərək Sakit okeanda mövsümün ən güclü fırtınalarından birinə çevrilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, küləyin sürəti saatda təxminən 285 kilometrə çatıb.
Fırtına son dərəcə təhlükəli adlandırılıb və son 24 saat ərzində onun gücünün artması qeyri-adi hal kimi qiymətləndirilib.
Yavaş hərəkət edən qasırğa Saffir-Simpson şkalası üzrə ən yüksək səviyyə olan 5-ci kateqoriyaya çatan mövsümün üçüncü fırtınası olub.
"Polo"nun Meksikanın cənub-qərb sahillərindən keçərək irəliləyəcəyi, lakin birbaşa quruya çıxmasının gözlənilmədiyi bildirilib.
Qasırğanın şimal-qərbə doğru hərəkəti zamanı bölgədə güclü yağışlara, daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi qeyd olunub.
Sahil ərazilərində 15-20 santimetrədək yağıntı düşəcəyi gözlənilir. Yerli sakinlər nəhəng dalğalar və təhlükəli dəniz şəraiti ilə bağlı xəbərdar ediliblər.
Meksika Prezidenti Klaudiya Şeynbaum qasırğanın birbaşa quruya çıxmayacağını, lakin Sakit okean sahilində yerləşən Xalisko, Kolima və Miçoakan ştatlarının risk altında olduğunu bildirib və əhalini ehtiyat tədbirləri görməyə çağırıb.
Qeyd olunub ki, fırtınanı gücləndirən okean sularının həddindən artıq isti olması "Polo"nun daha da şiddətlənməsinə şərait yarada bilər.
Bildirilir ki, qasırğa qarşıdakı bir neçə gün ərzində 5-ci kateqoriyada qala bilər.
Okeanın temperaturunu izləyən alimlər hazırda davam edən "El Nino" iqlim hadisəsinin indiyədək qeydə alınan ən güclü səviyyəyə çatdığını bildiriblər.
Mərkəzi-şərqi Sakit okeanın kritik bölgələrindən birində gündəlik dəniz səthinin temperaturu sentyabrın 19-da orta göstəricidən 3,05 dərəcə yüksək olub. Bununla da 2015-ci ildə qeydə alınmış rekord geridə qalıb. "El Nino" ilə bağlı bəzi uzunmüddətli göstəricilər hələ rekord səviyyəyə çatmasa da, vəziyyətin dəyişə biləcəyi və hadisənin pik nöqtəsinin bu ilin sonlarına doğru müşahidə oluna biləcəyi bildirilir.