Macarıstanda müxalifət lideri Peter Madyar ölkə prezidenti Tamaş Şuyoka qarşı sərt tələb irəli sürüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Madyar özünün “Facebook” hesabında etdiyi paylaşımda bildirib ki, dövlət başçısı konstitusiyaya 17-ci düzəlişi nəzərdə tutan qanun layihəsini imzalamasa, parlament onun vəzifədən kənarlaşdırılması proseduruna başlayacaq.
Müxalif liderin sözlərinə görə, qanun layihəsi qəbul edildikdən sonra prezidentin sənədi təsdiqləmək üçün 5 gün vaxtı olacaq. Əks halda, Macarıstan Dövlət Məclisi prezidentin vəzifədən uzaqlaşdırılması ilə bağlı hüquqi prosesə start verəcək.
Bildirilib ki, belə bir prosedur həyata keçiriləcəyi təqdirdə prezident öz səlahiyyətlərini icra edə bilməyəcək və sənədi imzalamaq hüququ parlament sədrinə veriləcək.
Qeyd edək ki, iyunun 27-də Peter Madyar hökumətin rəsmi saytında keçirilən sorğunun nəticələrinə əsaslanaraq Macarıstan əhalisinin əksəriyyətinin deputatların vəzifədə qalma müddətinin 12 illə məhdudlaşdırılmasını dəstəklədiyini açıqlayıb.
Təklif olunan 17-ci konstitusiya düzəlişi bir sıra məsələləri əhatə edir. Bunlara prezident Tamaş Şuyokun istefaya göndərilməsi, deputatların mandat müddətinin 12 illə məhdudlaşdırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daxildir.
Məlumata görə, bu təşəbbüslər Peter Madyarın rəhbərlik etdiyi “Tisa” partiyası tərəfindən irəli sürülüb.