İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İsrail silahlı qüvvələrinin Qəzza zolağında mülki fələstinli əhaliyə qarşı davam etdirdiyi hərbi əməliyyatları və humanitar fəlakəti növbəti dəfə kəskin şəkildə pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, IRNA agentliyinin Tehrandan yaydığı məlumata əsasən, M.Pezeşkian ABŞ Administrasiyasının Tel-Əvivə verdiyi hərtərəfli hərbi, siyasi və diplomatik dəstəyə diqqət çəkib.
İran dövlət başçısı Vaşinqtonun blokada şəraitində olan Qəzza zolağında yaşanan insanlıq dramına və baş verən hadisələrə birbaşa şərik olduğunu vurğulayıb.
Prezident Pezeşkian beynəlxalq ictimaiyyəti və hüquq-mühafizə təşkilatlarını regionda hərbi əməliyyatların dərhal dayandırılması, mülki şəxslərin müdafiəsi və Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.