Pakistanda Əfqanıstanla həmsərhəd Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət elan olunub. Bu qərarla həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyasının rəhbərlik etdiyi əyalət hökumətinin fəaliyyəti dayandırılıb.
Prezident Asif Əli Zərdari qərarı bazar günü, Baş nazir Şahbaz Şərifin müraciətindən sonra elan edib. Federal hökumət müdaxiləni bölgədə silahlı qrupların hücumlarının artması ilə əsaslandırır. İmran Xanın Pakistan Ədalət Hərəkatı (PTI) hökumətin ittihamlarını rədd edib və qərarı pisləyib.
Əyalətdə idarəetməni federal hökumət üzərinə götürür
Hüquq naziri Azam Nazir Tarar bildirib ki, əyalətdə idarəetməni qubernator ilkin olaraq altı ay müddətinə həyata keçirəcək. Zərurət yaranarsa, bu müddətin uzadılması mümkündür. Daxili İşlər Nazirliyi bölgəyə hərbi qüvvələrin göndərilməsinin də nəzərdə tutulduğunu açıqlayıb.
Xayber-Paxtunxvada son aylarda silahlı hücumların sayı artıb. Federal hökumət və hərbçilər zorakılığın qarşısını ala bilməməkdə PTI-ni günahlandırır. Partiya isə təhlükə ilə mübarizə üçün İslamabadın lazımi resurs və avadanlıq ayırmadığını bildirir.
Əyalətə əvvəllər rəhbərlik etmiş Sohail Afridinin hərəkətinə də məhdudiyyət qoyulub. Bu barədə onun yaxın köməkçilərindən biri məlumat verib.
PTI qərarı demokratiyaya təhlükə adlandırıb
Qərar İmran Xanın azad olunmasını tələb edən PTI tərəfdarlarının İslamabada yürüşə hazırlaşdığı vaxt federal hökumətlə partiya arasında gərginliyi daha da artırıb.
PTI sözçüsü Zulfikar Buxari hökumətin fövqəladə vəziyyətdən etirazın qarşısını almaq üçün istifadə etdiyini deyib. O, qərarı “fövqəladə vəziyyət pərdəsi altında çevrilişə daha çox bənzəyən addım” kimi xarakterizə edib və bunun zorakılıqla qeyri-sabitliyi artıra biləcəyi barədə xəbərdarlıq edib.
Hökumətlə PTI arasında vasitəçilik cəhdlərində iştirak edən JUI-F partiyasının lideri Mövlana Fazlur Rəhman da qərarı tənqid edib. O, İslamabadda keçirdiyi mətbuat konfransında fövqəladə vəziyyətin tətbiqini “demokratiyaya qurulmuş tələ” adlandırıb.
Pakistan siyasətində ordunun rolu ilə bağlı mübahisələr də davam edir. Hökumət ordunun səlahiyyətlərini genişləndirib, PTI isə hərbçiləri siyasi işlərə həddindən artıq təsir göstərməkdə ittiham edir. Ordu bu iddianı rədd edir.
Hakimiyyət planlaşdırılan etirazdan əvvəl İslamabadda on minlərlə təhlükəsizlik əməkdaşı yerləşdirib. Parlamentə gedən yolları bağlamaq üçün yol boyunca yük konteynerləri düzülüb.
Yürüş ərəfəsində yüzlərlə PTI fəalı və İmran Xanın üç bacısı da saxlanılıb. Partiya həbslərin son illərdə üzləşdiyi ən genişmiqyaslı təzyiq kampaniyalarından birinin tərkib hissəsi olduğunu bildirir.
İmran Xanın tərəfdarlarının əvvəlki etirazları da zorakılıqla nəticələnib. İki il əvvəl keçirilən genişmiqyaslı nümayiş təhlükəsizlik qüvvələri ilə ölümcül toqquşmalara səbəb olub. Xanın 2023-cü ildə həbsindən sonra isə ölkə üzrə iğtişaşlar baş verib və ordu təzyiq altında qalıb.
Keçmiş kriket ulduzu olan 74 yaşlı Xan hazırda həbsdədir. Onun partiyası 2024-cü il seçkisində dəstəklədiyi namizədlər vasitəsilə ən çox mandat qazanıb, lakin yalnız Xayber-Paxtunxvada hökumət formalaşdıra bilib. Tərəfdarları hərbçilərin seçkinin nəticələrini onun əleyhinə saxtalaşdırdığını iddia edir, ordu isə bunu təkzib edir.
Xan dövlət hədiyyələri, zorakılığa təhrik və qanunsuz nikah iddiaları da daxil olmaqla bir neçə hüquqi iş üzrə ittiham olunur. Onun hökmlərindən biri istisna olmaqla, digərləri dayandırılıb və ya ləğv edilib; apellyasiya müraciətlərinə baxılması davam edir. Xan təqsirini qəbul etmir.
Baş nazir Şahbaz Şərif təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı təkrarlanan hücumları fövqəladə vəziyyət qərarının səbəbi kimi göstərib. O, kabinet iclasında “Biz sadəcə səssiz müşahidəçi qala bilmərik” deyib.
Pakistan Əfqanıstanı silahlı qrupların ərazisində fəaliyyət göstərməsinə və Pakistana hücumlar təşkil etməsinə şərait yaratmaqda ittiham edir. İslamabad həmçinin PTI-ni Kabildəki “Taliban”a və ölkə daxilindəki müttəfiqlərinə rəğbət bəsləməkdə günahlandırır. Hər iki tərəf bu ittihamları rədd edir.