Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində səylərin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, bu prosesin uğurla başa çatması ölkənin xarici siyasətində balansın təmin olunmasına və yeni imkanların açılmasına şərait yaradacaq.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına əsasən, Paşinyan sosial şəbəkə hesabında qeyd edib ki, Türkiyə ilə əlaqələrin olmaması xarici siyasətdə asimmetriyaya səbəb olur. Baş nazir vurğulayıb ki, balansın bərpası üçün Ermənistanın yalnız qonşu dövlətlərlə deyil, beynəlxalq müstəvidə bütün ölkələrlə münasibət qurması zəruridir.
Paşinyan bu məsələni belə şərh edib: "Bu, şıltaqlıq məsələsi deyil, bizim Türkiyə, Azərbaycanla və bütövlükdə, bütün dövlətlərlə münasibətlər saxlamağımız zəruridir". O, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılacağına əminliyini ifadə edib.