Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın ölkəsinin Qərbə arxa çevirməsi anlamına gəlmədiyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısından qayıdarkən təyyarədə media nümayəndələrinin suallarını cavablandırıb. Türkiyə lideri ölkəsinin həm Şərq, həm də Qərblə balanslı münasibətlər qurmağa çalışdığını qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyənin ŞƏT-lə əməkdaşlığı çoxşaxəli xarici siyasətinin bir hissəsidir. Onun sözlərinə görə, Ankara “360 dərəcəlik” yanaşma ilə ölkənin qlobal nüfuzunu və çəkisini artırmağı hədəfləyir.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün səmimi və məhsuldar keçdiyini deyib. Türkiyə lideri müharibənin tərəflərə və regiona ciddi zərər vurduğunu vurğulayaraq, problemin diplomatik yollarla həllinin vacibliyini qeyd edib.
Ərdoğan “Terrorsuz Türkiyə” prosesinin də strateji hədəf olduğunu bildirib. O, bu istiqamətdə yol xəritəsinin hazırlandığını və dövlət qurumlarının koordinasiyalı fəaliyyət göstərdiyini söyləyib. Prezident cəmiyyətdə birliyin qorunmasının vacibliyini vurğulayaraq, “Böyük Türkiyə Mutabakatı” konsepsiyasına sadiq olduqlarını qeyd edib.
Yunanıstanla münasibətlərə gəlincə, Türkiyə Prezidenti Afinanın qeyri-hərbi statuslu adaları silahlandırmasına münasibət bildirib. Ərdoğan Yunanıstanı bu addımdan çəkinməyə çağıraraq, Türkiyənin heç bir ölkənin ərazisində gözü olmadığını, lakin öz hüquqlarının pozulmasına da imkan verməyəcəyini vurğulayıb.
Türkiyə lideri bildirib ki, Ankaranın təmkinli mövqeyi zəiflik kimi qiymətləndirilməməlidir.