Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin məqsədi heç kimi öldürmək olmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə "Sputnik-Armenia" Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyana istinadən məlumat yayıb.
O bildirib ki, Azərbaycan hərbçisi artıq dindirilib və ifadə verib. Poqosyanın sözlərinə görə, hərbçi duman səbəbindən yolunu azıb. O, istintaq davam etdiyi üçün təqsirləndirilən şəxsin ifadəsinin digər təfərrüatlarını açıqlamaqdan imtina edib.
“Biz faktları qiymətləndirməliyik. Bu şəxs yolunu azaraq piyada buraya gəlib, hansısa ev görüb, şüşəni sındırıb, acdığı üçün içəri daxil olub, özünə yemək hazırlayıb və paltarını dəyişib. Uşaqlar içəri daxil olduqda onların telefonunu götürüb, oturmağa məcbur edib, lakin onlara xəsarət yetirməyib”, – Poqosyan jurnalistlərə deyib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev həbs edilib.