Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünik vilayətinin Şəki (Şaki) kəndində saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin sərhədi necə və hansı şəraitdə keçməsinə dair kİv-in ünvanladığı rəsmi sorğunu cavabsız qoyub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, media qurumu tərəfindən Ermənistan MTX-yə N.Musayevin dövlət sərhədini harada, hansı tarixdə və saatda keçməsi, həmin istiqamətdə mühafizəyə Müdafiə Nazirliyinin, yoxsa MTX Sərhəd Qoşunlarının cavabdeh olduğu, eləcə də onun nəzarət postlarından necə yayınması ilə bağlı müvafiq suallar ünvanlanıb.
Ermənistan MTX rəsmi cavabında faktla bağlı İstintaq Komitəsində cinayət işinin qaldırıldığını bəhanə edərək, sorğuda qeyd olunan təfərrüatların açıqlanmasının qurumun səlahiyyətləri xaricində olduğunu iddia edib.
Qurum həmçinin dövlət sərhədinin mühafizə rejimi, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin metodu, vasitə və planlarının milli qanunvericiliyə əsasən dövlət sirri təşkil etdiyini bildirərək məlumat verməkdən imtina edib. Mətbuat xidməti yalnız icazə verilən həddə olan informasiyanın əvvəlcədən ictimaiyyətə açıqlandığını əlavə edib.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistanın Zəngəzur (Sünik) bölgəsindəki Şəki kəndində saxlanıldığı barədə məlumat yayılıb. Ermənistan tərəfi hadisə ilə bağlı təxribatçı iddialar irəli sürərək hərbçimiz barəsində cinayət işi açıb və onun haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib.