Ermənistan Türkmənistan ilə siyasi, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bəyan edib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə keçirilən görüşdə bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistan Hökumətinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, ikitərəfli görüş Türkmənbaşı şəhərində baş tutub.
Sərdar Berdiməhəmmədov Nikol Paşinyanın səfərini yüksək qiymətləndirərək iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin cari gündəliyində duran əsas məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Paşinyan Türkmənistana iki günlük işgüzar səfərə gəlib. O, Türkmənbaşı şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.