Ermənistanın Sünik vilayətinin Sisian icmasının Şaki yaşayış məntəqəsində baş verən insidentlə bağlı daha bir cinayət işi başlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan Baş Prokurorluğuna istinadən xəbər verir ki, yeni cinayət işi Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi – dövlət sərhədinin qanunsuz keçilməsi və 340-cı maddəsinin 1-ci hissəsi – odlu silahın qaçaqmalçılığı üzrə açılıb. Yeni icraat hadisə ilə bağlı əvvəl başlanmış əsas cinayət işinə birləşdirilib.
Söhbət Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayevdən gedir.
Baş Prokurorluq bildirir ki, oktyabrın 1-də Şaki yaşayış məntəqəsində baş verən hadisə ilə bağlı əvvəlcə üç maddə üzrə cinayət işi başlanıb. Bunlar silah tətbiq etməklə sağlamlığa ağır zərər vurma, odlu silahın qanunsuz dövriyyəsi və yaşayış sahəsinin toxunulmazlığının pozulması ilə bağlı maddələrdir.
Oktyabrın 2-də isə həmin hadisə üzrə dövlət sərhədinin qanunsuz keçilməsi və odlu silahın qaçaqmalçılığı ilə bağlı ayrıca cinayət icraatı başlanıb. Prokurorluğun açıqlamasına görə, bu icraat əsas cinayət işi ilə birləşdirilib.
Hadisə necə baş verib?
Ermənistan Baş Prokurorluğunun yaydığı məlumata görə, oktyabrın 1-də saat 14:00 radələrində Nəsimi Musayev Şaki yaşayış məntəqəsində 6-cı küçədə yerləşən 20 nömrəli evə daxil olub.
Qurumun məlumatına əsasən, evdə aşkarlandıqdan sonra o, odlu silahdan atəş açıb. Nəticədə 1987-ci il təvəllüdlü A.A. adlı qadın yaralanıb.
Hadisədən sonra Azərbaycan vətəndaşının ərazidən uzaqlaşdığı, daha sonra isə eyni küçədə yerləşən 26 nömrəli evdə aşkarlandığı bildirilir. Ermənistan tərəfi onun oktyabrın 1-də saat 15:30-da saxlanılaraq istintaq orqanına təhvil verildiyini açıqlayıb.
Yaralanan qadının vəziyyəti açıqlanıb
Ermənistan tərəfinin məlumatına görə, yaralanan qadın əvvəlcə Sisian tibb mərkəzinə aparılıb, tibbi yardım göstərildikdən sonra İrəvana köçürülüb.
Hadisədən sonra qadının 2011 və 2014-cü il təvəllüdlü iki uşağının da tibbi yardıma müraciət etdiyi açıqlanıb. Prokurorluğun məlumatında 2014-cü il təvəllüdlü uşaqda yumşaq toxuma zədəsi, 2011-ci il təvəllüdlü uşaqda isə sağ biləyin sınığı olduğu qeyd edilir.
Ermənistanın “News-Armenia” nəşri qadının vəziyyətinin stabil olduğunu və həyatı üçün təhlükənin olmadığını Baş Prokurorluğun məlumatına istinadən yazıb.
Azərbaycan tərəfi sentyabrın 29-da məlumat verib
Hadisə ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əvvəlki açıqlamasında bildirilmişdi ki, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan hərbi hissələrindən birinin hərbçisinin naməlum şəraitdə xidmət yerini tərk etdiyini və onun Ermənistan ərazisinə qanunsuz keçməsinin istisna olunmadığını bildirib.
Bundan sonra Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarının birgə axtarış tədbirləri həyata keçirdiyi açıqlanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, oktyabrın 1-də saat 14:15-də Şaki yaşayış məntəqəsində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə 112 xidmətinə məlumat daxil olub. Hadisə yerinə polis əməkdaşları göndərilib və sonradan atəş açan şəxsin Azərbaycan hərbçisi olduğu müəyyənləşdirilib.
Azərbaycanda da cinayət işi başlanıb
Hadisənin digər tərəfi ilə bağlı Azərbaycan Baş Prokurorluğunun məlumatına istinad edən xəbərlərdə bildirilir ki, sentyabrın 26-da hərbi xidmət keçən Nəsimi Musayevin xidmət yerində olmadığı müəyyənləşdirildikdən sonra onun axtarışına başlanılıb.
Azərbaycanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələrinin axtarış tədbirlərində iştirak etdiyi, hərbi prokurorluğun isə hadisənin hallarını araşdırdığı bildirilir.
Araşdırma nəticəsində hərbçinin hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı əsaslı şübhələr müəyyən edildiyi və bununla əlaqədar Hərbi Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıldığı açıqlanıb. Daha sonra aparılan tədbirlər nəticəsində Musayevin Ermənistan ərazisində olduğu və orada saxlanıldığı müəyyənləşdirilib.
Azərbaycan tərəfinin məlumatına görə, hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə Ermənistan tərəfi ilə zəruri əlaqələr saxlanılır.
İstintaq davam edir
Hazırda Nəsimi Musayevlə bağlı Ermənistanda ümumilikdə beş maddə üzrə cinayət təqibi aparıldığı barədə məlumat yayılıb. Bunlar dövlət sərhədinin qanunsuz keçilməsi, odlu silahın qaçaqmalçılığı, odlu silahın qanunsuz dövriyyəsi, yaşayış sahəsinin toxunulmazlığının pozulması və silah tətbiq etməklə sağlamlığa ağır zərər vurma ilə bağlı maddələrdir.
Bundan başqa, Ermənistan İstintaq Komitəsinin Nəsimi Musayev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim etdiyi də açıqlanıb.
Qeyd edək ki, yeni cinayət işi üzrə dövlət sərhədinin qanunsuz keçilməsi və odlu silahın qaçaqmalçılığı ilə bağlı ittihamlar Ermənistan Baş Prokurorluğunun açıqlamasına əsaslanır. İş üzrə yekun hüquqi qiymət məhkəmə araşdırmasının nəticələrindən asılı olacaq.