NATO-nun Baş katibi Mark Rutte 7–8 iyul tarixlərində keçiriləcək “Ankara Zirvəsi” öncəsi alyansın qarşısında duran əsas çağırışlar və Türkiyənin təşkilata verdiyi töhfələr barədə açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, Brüsseldə yerləşən NATO qərargahında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Bildirilib ki, Mark Rutte qarşıdakı toplantının yalnız vədlər deyil, icra mərhələsinə keçid zirvəsi olacağını vurğulayıb. O, “Lahey”də verilən öhdəliklərin “Ankara”da konkret nəticələrə çevrilməsinin vacibliyini qeyd edib.
Məlumata görə, Rutte müdafiə xərclərinin artırılmasını əsas prioritetlərdən biri kimi göstərib və “NATO 3.0” konsepsiyasını izah edib. Onun sözlərinə görə, bu model “NATO 2.0”dan fərqli olaraq ABŞ-dan həddindən artıq asılılığın azaldıldığı, Avropanın isə daha çox məsuliyyət daşıdığı yeni təhlükəsizlik yanaşmasını nəzərdə tutur.
Qeyd olunub ki, bu çərçivədə Avropa müdafiə sənayesi istehsalını genişləndirməli, Ukraynaya dəstək davam etdirilməli və Rusiya tərəfindən yaranan təhlükələrə qarşı daha güclü təhlükəsizlik sistemi formalaşdırılmalıdır.
Bildirilib ki, Mark Rutte Rusiya Federasiyasını NATO üçün uzunmüddətli əsas təhdid kimi xarakterizə edib. O, Moskvanın Ukrayna müharibəsindəki itkilərinə diqqət çəkərək, Rusiyanın Şimali Koreya, İran və Çinlə əməkdaşlıq etdiyini vurğulayıb. Həmçinin Çinin hərbi potensialını sürətlə artırdığına diqqət yönəldilib.
Məlumata görə, Rutte Türkiyənin NATO üçün strateji əhəmiyyətə malik müttəfiq olduğunu qeyd edib. O, Türkiyənin 1952-ci ildən bəri alyansın güclü ordularından birinə sahib olduğunu bildirib və ASELSAN kimi müdafiə sənayesi şirkətlərinin fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd edilib ki, Mark Rutte Ankara Zirvəsi çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumunun NATO daxilində əməkdaşlığı daha da gücləndirəcəyinə inam ifadə edib.