Narın tərkibindəki punikalagin ürək-damar xəstəlikləri riskini azalda bilər.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Böyük Britaniyanın Quadram Qidalanma və Sağlamlıq Tədqiqatları İnstitutunun alimləri narın tərkib hissəsi olan punicalagin maddəsinin ürək-damar və metabolik xəstəliklərin riskini artıran birləşmələrin yaranmasını azalda biləcəyini müəyyən ediblər. Tədqiqatın nəticələri Food & Function (F&F) elmi jurnalında dərc olunub.
Məlumata görə, punicalagin nar şirəsində və qabığında, eləcə də bəzi digər bitkilərdə mövcud olan polifenoldur. O, güclü antioksidant təsirə malikdir və hüceyrələri zərərli təsirlərdən, eləcə də toksinlərdən qoruyur.
Tədqiqat çərçivəsində alimlər insan bağırsağının laboratoriya modelindən istifadə edərək punicalaginin L-karnitindən trimetilaminin (TMA) əmələ gəlməsini demək olar ki, tamamilə blokladığını müşahidə ediblər. Qeyd olunur ki, TMA qaraciyərdə əvvəllər ateroskleroz, diabet və ölüm riskinin artması ilə əlaqələndirilən bir molekula çevrilir.
Araşdırma zamanı nar ekstraktının müxtəlif komponentlərinin — digər polifenolların, onların metabolitlərinin və köməkçi maddələrin təsirləri müqayisə edilib. Nəticədə yalnız punicalaginin L-karnitinin TMA-ya bağırsaq mikrobları tərəfindən çevrilməsinə əhəmiyyətli dərəcədə mane olduğu müəyyən edilib.
Bundan əlavə, nar ekstraktının özü də TMA-nın əmələ gəlməsini tamamilə dayandırıb. Alimlər bunun bağırsaq mühitinin turşulaşması ilə əlaqəli olduğunu və TMA istehsalında iştirak edən bakteriyalar üçün əlverişsiz şərait yaratdığını bildirirlər.