Regional dövlətlərin nümayəndələri bazar ertəsi Moskvada Əfqanıstanla bağlı danışıqlara toplaşıblar. Müzakirələrin əsas mövzuları təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Kabillə qonşu ölkələr arasındakı münasibətlər olub.
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ev sahibliyi etdiyi Moskva Formatı məsləhətləşmələrinin səkkizinci raundunda iştirak edib. Görüşə Çin, Hindistan, İran, Pakistan və beş Mərkəzi Asiya ölkəsinin nümayəndələri də qatılıb. Belarus və Misir qonaq qismində iştirak ediblər.
2017-ci ildə yaradılan Moskva Formatı Əfqanıstanla bağlı regional məsləhətləşmə platformasıdır. Burada siyasi və təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, terrorizm və narkotiklərlə mübarizə müzakirə olunur.
Müttəqi regional əməkdaşlığın gücləndirilməsinə çağırıb
Müttəqi görüşdə çıxış edərək Əfqanıstanın müstəqil xarici siyasətini qorumaqla region ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişləndirmək istədiyini bildirib.
“Əfqanıstan hesab edir ki, regionumuzun gələcəyi təhlükəsizlik rəqabəti deyil, kollektiv təhlükəsizlik, iqtisadi inteqrasiya və regional bağlantılar, təzyiq deyil, dialoq və anlaşma üzərində qurulmalıdır”, – Müttəqi deyib.
Pakistanla münasibətlərə toxunan nazir iki qonşu ölkə arasındakı fikir ayrılıqlarının diplomatik yolla həll edilməli olduğunu vurğulayıb. O, həmçinin Pakistan hərbçilərini Əfqanıstan ərazisində hücumlar həyata keçirməkdə ittiham edib.
“Bizim əsas inancımız budur ki, Əfqanıstan və Pakistan arasında mövcud təhlükəsizlik, siyasi və ya iqtisadi problemlər dialoq və diplomatiya yolu ilə həll edilə bilər”, – Müttəqi bildirib.
Əfqanıstan rəsmisi region ölkələrini ölkəyə daha çox sərmayə yatırmağa çağırıb. O, TAPI, CASA-1000 və Trans-Əfqanıstan dəmir yolu layihələrinin Əfqanıstanı regional iqtisadiyyatlarla daha sıx birləşdirə biləcəyini söyləyib.
“Əfqanıstan regionda rəqabət meydanı deyil, regional əməkdaşlıq üçün bağlantı nöqtəsi olmalıdır”, – nazir qeyd edib.
Lavrov NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsinə qarşı çıxıb
Lavrov təhlükəsizlik, humanitar yardım və iqtisadi əməkdaşlığın vacibliyini vurğulayıb. O, NATO-nun hərbi infrastrukturunun Əfqanıstana və ya qonşu ölkələrə qaytarılmasını qəbuledilməz adlandırıb.
“Bir daha vurğulamaq istəyirəm ki, NATO-nun hərbi infrastrukturunun istənilən bəhanə ilə Əfqanıstan və qonşu dövlətlərin ərazisində yerləşdirilməsi qətiyyən qəbuledilməzdir”, – Lavrov deyib.
Rusiya xarici işlər naziri region ölkələrini Əfqanıstanın terrorizmlə mübarizə səylərini daha çox dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, Kabildə terrorla mübarizə imkanlarının gücləndirilməsinə maddi-texniki və ekspert yardımı göstərilməsi ümumi maraqlara uyğundur.
Lavrov BMT-nin rəqəmlərinə istinadən bildirib ki, bu qış Əfqanıstanda 17 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşə, təxminən 22 milyon nəfərin isə humanitar yardıma ehtiyacı ola bilər. O əlavə edib ki, Rusiya Əfqanıstana humanitar yardım göstərməyi davam etdirəcək.