Millət vəkili Vasif Qafarov Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində səsləndirdiyi fikirləri şərh edərək bildirib ki, dövlət başçısının milli kimlik, ana dil və gənclərin inkişafı ilə bağlı siyasəti Azərbaycan dövlətçiliyinin strateji xəttini açıq şəkildə ortaya qoyur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbərinə görə, Vasif Qafarov vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan dilini qorumağı bayraq, gerb və himn səviyyəsində müqəddəs dəyər kimi təqdim edərək, dilin milli kimliyin əsas sütunu olduğunu bir daha göstərdi.
Deputatın sözlərinə görə, dövlət başçısı qloballaşma şəraitində xarici dillərin öyrənilməsinin vacibliyini qəbul etsə də, ana dilin kölgədə qalmasına yol verməməyin əhəmiyyətini xüsusi qeyd edib.

“Prezidentin yanaşması yalnız dövlət strukturlarına deyil, jurnalistlərə, ziyalılara, elm və mədəniyyət xadimlərinə də ünvanlanmış ümummilli çağırışdır. Ana dilimizin qorunması hər bir vətəndaşın məsuliyyəti olmalıdır”, – Vasif Qafarov əlavə edib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev həmçinin xaricdə yaşayan azərbaycanlıların da ana dilini yüksək səviyyədə bilməsinin vacibliyini önə çəkərək, onlayn Azərbaycan dili məktəblərinin yaradılmasını strateji addım kimi təqdim edib. Bu, milli kimliyin gələcək nəsillərə ötürülməsi baxımından prioritet məsələdir.
Müsahibimiz qeyd edib ki, dövlət başçısının elm, təhsil və gənclər siyasəti ilə bağlı mövqeyi də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir:
“Neft və qaz resurslarının müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, gələcəyin yalnız savadlı və intellektual cəmiyyətlə təmin oluna biləcəyini Prezident İlham Əliyev aydın şəkildə göstərdi”.
Vasif Qafarov müsahibənin nəticələrini belə yekunlaşdırıb: “Prezident İlham Əliyevin müsahibəsi milli kimliyi qoruyan, gələcəyi düşünən, elm və təhsilə önəm verən, gənclərə arxalanan güclü və praqmatik dövlət xadimi olduğunu bir daha sübut etdi. Bu mövqe müasir Azərbaycan dövlətçiliyinin strateji xətti kimi yüksək qiymətə layiqdir.”
Afət ZİYADQIZI