Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda 20 Yanvar 1990-cı il hadisələrinin Azərbaycanın müasir tarixində həm faciəvi, həm də xalqın ləyaqət və məğrurluğunu əks etdirən dönüş nöqtəsi olduğu vurğulanıb.
Qeyd edilib ki, 36 il əvvəl sovet ordusunun Bakı şəhərində və ölkənin bir sıra bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi hərbi müdaxilə nəticəsində 150 mülki şəxs həyatını itirib, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb.
XİN-in bəyanatında bildirilir ki, bu qanlı hadisə Azərbaycan xalqının azadlıq, milli ləyaqət və suverenliklə bağlı legitim tələblərini zor gücü ilə boğmaq cəhdi idi. Lakin baş verənlər xalqın iradəsini sındırmaq əvəzinə, müstəqillik uğrunda mübarizə əzmini daha da möhkəmləndirdi.
Vurğulanıb ki, 20 Yanvar şəhidlərinin fədakarlığı 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin yenidən bərpası üçün möhkəm əsas yaratdı. Həmin gün nümayiş etdirilən birlik və müqavimət ruhu 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri zamanı da öz tarixi rolunu oynadı.
Bəyanatda qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqları işğaldan azad edərək ölkənin ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq çərçivəsində bərpa edib.
Eyni zamanda, əldə edilən Zəfərdən sonra regionda formalaşan yeni reallıqlar, sülh və təhlükəsizlik gündəliyinin irəli aparılması, genişmiqyaslı bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycan xalqının sarsılmaz iradəsinin təzahürü kimi qiymətləndirilib.
Nazirlik bu hüznlü gündə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün qəhrəmanların xatirəsini ehtiramla yad edib, onların ailələrinə dərin hüznlə başsağlığı verib. Həmin yolda sağlamlığını itirmiş vətəndaşlara isə şəfa arzulanıb.
Bəyanatda insanlığa və beynəlxalq hüquqa zidd olan 20 Yanvar kimi cinayətlərin bir daha təkrarlanmaması üçün ardıcıl və məqsədyönlü fəaliyyətin davam etdiriləcəyi də xüsusi vurğulanıb.