Erkən diaqnostikanın həyata keçirilməsi həm vətəndaşa, həm ailəyə, həm də dövlətə düşən yükü azaltmış olur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bütün inkişaf etmiş ölkələrdə, xüsusən də qabaqcıl səhiyyə sistemlərində ilkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir:
"İlkin səhiyyə xidmətinin əsas funksiyaları əhalinin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və erkən diaqnostikanın təmin edilməsidir. Bu istiqamətdə ilkin səhiyyə xidmətinin önəmi çox yüksəkdir. Səhiyyənin təkmilləşdirilməsi konsepsiyasına uyğun olaraq, bu sahədə kadr potensialının gücləndirilməsi əsas məqsədlərdən biridir".
O qeyd edib ki, təhlillər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları bir daha göstərir ki, ilkin səhiyyə xidmətinə qoyulan investisiya, bu sahəyə yatırılan hər bir manat ən səmərəli investisiyalardan biridir.
"Çünki xəstəliyin ağırlaşmasının, fəsadlarının qarşısının alınması və erkən diaqnostikanın həyata keçirilməsi həm vətəndaşa, həm ailəyə, həm də dövlətə düşən yükü azaltmış olur", - o deyib.
A.Bayramov vurğulayıb ki, bu təhlillərin nəticələri ilkin səhiyyəsi güclü olan ölkələrdə orta ömür uzunluğu artır, səhiyyə göstəricilərinin yaxşılaşmasına səbəb olur:
"Körpə və ana ölümü azalır, sağlam ömür illərinin sayı artır, təcili tibbi yardım çağırışlarının sayı azalır. Bu da bizim əsas hədəflərimizdən biridir. Bu səbəbdən, regiondan asılı olmayaraq, bütün ilkin səhiyyə xidmətində çalışan həkimlərimizin, ailə sağlamlığı mərkəzlərində, həkim məntəqələrində çalışan mütəxəssislərin əməkhaqqı 1 150 manatdan 2 000 manata qədər artırılıb".
TƏBİB rəhbəri nümunə kimi deyib ki, aparılan tədqiqatın nəticələrinə görə, hər 10 min nəfər əhaliyə düşən həkim sayına nəzər yetirdikdə, bu göstəricinin cəmi bir ailə həkimi hesabına artırılması bütün səbəblərdən ölüm hallarının 6 faiz azalmasına gətirib çıxarır.
"Bu məqsədlər Azərbaycan səhiyyə sisteminin qarşısında duran əsas prioritetlərdən olduğu üçün ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır".