Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Almatıda keçirilən “KazChess Masters” beynəlxalq turnirində ilk qələbəsini qazanıb. Reytinq favoriti olan qrossmeyster beşinci turda Qazaxıstan təmsilçisi Alua Nurmanı qara fiqurlarla məğlub edib.
Reytinqi 2662 olan Muradlı yarışa iki məğlubiyyətlə başlayıb: ilk turda Belarus şahmatçısı Denis Lazavikə, ikinci turda isə özbəkistanlı Şəmsəddin Vahidova uduzub. Sonrakı iki görüşdə heç-heçə edən Azərbaycan təmsilçisi ilk dörd turdan sonra 1 xal toplamışdı. Nurman üzərində qələbə ilə onun xal ehtiyatı 2-yə yüksəlib.
Beş turdan sonra Denis Lazavik və Edqar Məmmədov 3,5 xalla turnir cədvəlinə başçılıq edirlər. Denis Maxnev 3 xalla liderlərdən yarım xal geri qalır. Muradlı isə 2 xalla birinci pillədəki şahmatçılardan 1,5 xal geridədir.
On şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı turnir noyabrın 3-də başa çatacaq.
Kontekst
Oktyabrın 30-da Muradlı “KazChess Masters” turnirində dörd turdan sonra 1 xal toplamışdı.