Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istədiyini bildirən Fransa prezidenti Emmanuel Makron hələlik real addım atmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, Fransa tərəfinin bəyanatları praktik müstəviyə keçməyib. “Fransalı həmkarlarımızla tez-tez baş verdiyi kimi, indiyə qədər məsələ sözdən kənara çıxmayıb”, – deyə Zaxarova bildirib.
Diplomat Makronun əslində Putinlə danışıqlar aparmaq niyyətində olmadığını iddia edib. O hesab edir ki, Fransa lideri bu cür açıqlamalarla öz tələblərini Ukrayna üzrə danışıqlar prosesinə “qoşmağa” çalışır.
Bununla yanaşı, Zaxarova vurğulayıb ki, Rusiya Parislə yüksək səviyyəli təmaslardan imtina etməyib. Onun sözlərinə görə, dialoqdan imtina Moskvanın deyil, Fransa rəhbərliyinin seçimi olub.
XİN sözçüsü əlavə edib ki, Ukrayna münaqişəsinin həlli kontekstində Rusiya-Amerika əlaqələrini pozmağa Fransa qədər səy göstərən ölkələr azdır.