Litva Prezidenti Gitanas Nauseda yeni ABŞ hərbi kontingentinin ölkəyə göndərildiyini və artıq yola çıxdığını elan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Litva dövlət başçısı özünün rəsmi sosial media hesabında məlumat paylaşıb.
Nauseda ABŞ rəsmilərindən bu qərarla bağlı rəsmi təsdiq aldığını bildirib. Vaşinqtona minnətdarlığını bildirdiyini deyən Litva lideri, addımın yalnız öz ölkələrinin deyil, bütün regionun təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Prezident qeyd edib ki, Birləşmiş Ştatların ölkədəki hərbi mövcudluğu caydırıcılıq siyasətinin və kollektiv müdafiə sisteminin ayrılmaz tərkib hissəsidir. O, müttəfiqlərin göstərdiyi bu həmrəyliyin NATO-nun hər bir qarış torpağını müdafiə etməyə hazır olduğuna dair tutarlı mesaj olduğunu diqqətə çatdırıb.
Gələcək kontingentin dəqiq sayı hələlik açıqlanmasa da, Nauseda yeni birliyin sayca əvvəlkindən az olmayacağını qeyd edib.