Rusiya Avropa siyasətçilərinin Moskva ilə dialoqun bərpası ilə bağlı çağırışlarını izlədiyini, lakin bu fikirlərin hələlik konkret siyasi addımlarla müşayiət olunmadığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "RIA Novosti" agentliyinə açıqlamasında deyib.
Məlumata görə, Peskov xüsusilə Almaniya da daxil olmaqla, bəzi Avropa ölkələrində Rusiya ilə münasibətlərin normallaşdırılması barədə müzakirələrin aparıldığını qeyd edib. Lakin onun sözlərinə əsasən, bu açıqlamalar həmin ölkələrin xarici siyasət kursunda hələlik ciddi dəyişiklik yaratmayıb.
Kreml sözçüsü bildirib ki, Rusiya Avropa ölkələri ilə əlaqələrin bərpası üçün dialoqa açıqdır. O əlavə edib ki, gələcək danışıqlar zamanı Moskva əvvəlki təcrübəni nəzərə alacaq.
Qeyd edək ki, daha əvvəl "The Times" qəzeti Almaniyanın Rusiya ilə dialoqa münasibətində müəyyən dəyişikliklərin müşahidə edildiyini və əlaqə kanallarının yaradılması ilə bağlı təşəbbüslərin müzakirə olunduğunu yazmışdı.