Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada təşkil olunan brifinqdə yerli və xarici jurnalistlərin qlobal və regional gündəmin aktual məsələlərinə dair suallarını cavablandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, D.Peskov "The Washington Post" qəzetində ABŞ və Avropa dövlətlərinin Ukraynadakı hərbi əməliyyatların mövcud cəbhə xətti boyunca dondurulmasını nəzərdə tutan sülh planını müzakirə etməsi barədə dərc olunan məlumatlara münasibət bildirib. Kremlin rəsmi nümayəndəsi Moskva tərəfinin belə bir təşəbbüs və ya plan barədə məlumatlı olmadığını bəyan edib.
Ağ Ev rəhbəri Donald Trampın Rusiya və Ukraynanın enerji infrastrukturlarına qarşı hücumların dayandırılması üzrə razılaşmanın əldə olunduğuna dair fikirlərinə toxunan D.Peskov, Rusiya tərəfinin prioritet mövqeyinin dəyişmədiyini diqqətə çatdırıb: “Bu istiqamətdə tərəflər arasında diplomatik və texniki təmaslar davam edir. Yeni və konkret nəticə olduqda ictimaiyyətə əlavə məlumat veriləcək”.
Avropa İttifaqının ABŞ-nin Rusiya dizel yanacağının eksportuna icazə verməsindən narazılığı və Rusiyanın enerji sektoruna qarşı yeni məhdudiyyətlər paketi hazırlaması ehtimallarını qiymətləndirən Peskov, bu addımların Rusiya-ABŞ razılaşmalarının icrasına maneə törədə biləcəyini istisna etməyib:
“Aİ-nin yeni sanksiya təşəbbüslərinin prosesə mənfi təsir göstərə biləcəyi şübhəsizdir. Lakin ABŞ-ın maliyyə naziri Skott Bessentin (Scott Bessent) də haqlı olaraq vurğuladığı kimi, Avropanın energetika sahəsindəki ikili standartları hazırda qlobal media gündəmində geniş müzakirə olunur”.
Peskov Avropa dövlətlərinin də digər ölkələr kimi faktiki olaraq Rusiya neftinin və neft məhsullarının fəal istehlakçısı olduqlarını xatırladıb: “Rusiya qlobal enerji bazarlarına yüksək rəqabətqabiliyyətli məhsullar təklif edən aparıcı dövlətdir və bu siyasət gələcəkdə də davam etdiriləcəkdir”.
Kreml rəsmisi ABŞ-nin Rusiya dizel yanacağının ixracına yaşıl işıq yandırması ilə Ukrayna üzrə sülh danışıqları arasında birbaşa əlaqənin olmadığını bildirərək, iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın qarşılıqlı iqtisadi maraqlara və qlobal bazarın sabitliyinə xidmət etdiyini xüsusi vurğulayıb.
Rusiya IT gigantı “Yandex” şirkətinin rəqəmsal xidmətlərində və server infrastruktunda yaranan kütləvi nasazlıqlara münasibət bildirən Peskov, məsələnin Rusiya Federasiyası Hökuməti səviyyəsində nəzarətə götürüldüyünü qeyd edib.
O, kiberinsident və texniki problemlərin istifadəçilərə vurduğu maliyyə zərərinin dəqiq həcmini söyləmək üçün hələ tez olduğunu diqqətə çatdırıb: “Şirkət böyük resurslara və güclü texnoloji bazaya malikdir. Hazırda müəyyən çətinliklər yaranıb və bu məsələ hökumət səviyyəsində geniş müzakirə edilir. Mütəxəssislər kiberhücumun və nasazlıqların fəsadlarını tez bir zamanda aradan qaldırmaq üçün təcili tədbirlər görürlər”.