Kolumbiya hökuməti İranla diplomatik əlaqələri kəsmək qərarına gəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Kolumbiyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, qərar İran hökumətinin ölkənin təhlükəsizliyinə təhdid yaradan beynəlxalq terrorçu qruplaşmalar və digər narkoterror təşkilatları ilə ehtimal olunan əlaqələri nəzərə alınaraq qəbul edilib.
Həmçinin İran hakimiyyəti insan hüquqlarının pozulmasında, Yaxın Şərqdəki münaqişədə iştirak etməyən ölkələrə hücumlarda, Hörmüz boğazının blokadaya alınmasında, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramının miqyasını yoxlamaq səylərinə mane olmaqda ittiham edilib.
Qeyd olunub ki, diplomatik əlaqələrin kəsilməsi konsulluq münasibətlərinin dayandırılması demək deyil.
Məlumata görə, avqust ayında Kolumbiyada prezident vəzifəsinə Abelardo de la Espriella keçib. O, ABŞ-lə hərbi əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır və narkokartellərin laboratoriyalarına qarşı əməliyyatlarda ABŞ hərbçilərinin iştirak imkanını nəzərdən keçirməyi planlaşdırır.
Kolumbiya hökuməti Qustavo Petronun prezidentliyi dövründə, 2024-cü ilin mayında Qəzza zolağındakı müharibə fonunda İsraillə diplomatik əlaqələri kəsmişdi.