Kanada parlamentinin İcmalar Palatasına ABŞ-nin Ottavadakı səfiri Pit Hukstranın geri çağırılması tələbi ilə petisiya təqdim edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, sənədi Kanadanın Yaşıllar Partiyasının üzvü Elizabet Mey təqdim edib.
Petisiyada Kanada hökumətindən Pit Hukstranın rəsmi olaraq "arzuolunmaz şəxs" elan edilməsi və ABŞ-yə göndərilməsi tələb olunur. Sənəddə bildirilir ki, səfir dəfələrlə ictimai çıxışları ilə iki ölkə arasındakı diplomatik münasibətlərə xələl gətirən bəyanatlar verib.
Qeyd olunur ki, Hukstra ABŞ Prezidenti Donald Trampın Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ilə bağlı fikirlərini dəstəkləyib, ölkənin daxili siyasətinə müdaxilə edib və Kanadadakı separatçı hərəkatlarla əlaqələr saxlayıb.
Petisiyanı iyulun 21-dən noyabrın 18-dək təxminən 286 min kanadalı imzalayıb. İndi Kanada hökuməti sənədə rəsmi cavab verməlidir. Bununla belə, hökumət petisiyada irəli sürülən tələbləri yerinə yetirməyə məcbur deyil.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Kanadanın ABŞ-yə birləşməli olduğunu bəyan edib. Hətta Ağ Ev Kanada Baş naziri Mark Karnini "qubernator" adlandırıb.