İraq silahlı qüvvələri ölkədən qanunsuz yollarla neft çıxarmağa cəhd edən iki gəmini ələ keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində ərazi sularından keçən iki gəmi saxlanılıb.
Gəmilərin heyətində 8 İraq və xarici ölkə vətəndaşı olub. Xarici dənizçilərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.
Qeyd olunub ki, İraq hakimiyyəti hazırda ölkədən neft qaçaqmalçılığına qarşı mübarizəni gücləndirir. İraq hakimiyyəti əvvəllər İraq Kürdüstanının muxtar hökumətinin nəzarətində olan iki sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırıb. Bunlar Suriya ilə sərhəddə yerləşən Əl-Valid və İranla sərhəddəki Başta keçid məntəqələridir.
Noyabrın 24-də İraqın Baş naziri Əli əz-Zeydi Kürdüstan Regional Hökumətinə sərhəd-keçid məntəqələrini və neft yataqlarını nəzarətə götürməyi tapşırıb.
Bundan bir gün əvvəl İraqın neft naziri Bassem Xudeyr İraq Kürdüstanı hökumətini Federal Şimal Neft Şirkətinə məxsus neft yataqlarına qanunsuz nəzarət etməkdə ittiham edib və onların mərkəzi hökumətin idarəçiliyinə qaytarılmasını tələb edib.
Nazir bildirib ki, aparılan araşdırma nəticəsində İraqın şimalındakı neft yataqlarından neft qaçaqmalçılığı hallarının baş verdiyi təsdiqlənib.