“Barselona”nın müdafiəçisi Jül Kunde klubun heyətində keçirdiyi oyunların sayına görə fransalı futbolçular arasında rekorda imza atıb. O, İspaniya çempionatının “Xetafe”yə qarşı matçında kataloniyalıların forması ilə 194-cü görüşünə çıxıb. “Barselona” qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib, Kunde isə qələbəyə qol vurmaqla töhfə verib.
27 yaşlı futbolçu bu göstəricidə əvvəllər rekorda sahib olan Erik Abidalı geridə qoyub. Kunde 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, həmin vaxt “Sevilya”dan Kataloniya klubuna keçib.
Klubda keçirdiyi müddətdə müdafiəçi bütün turnirlərdə 10 qol vurub və 22 məhsuldar ötürmə verib. Kunde “Barselona” ilə ümumilikdə yeddi titul qazanıb. Onların arasında La Liqanın üç çempionluğu, İspaniya Superkubokunun üç qalibi və ölkə kuboku var.