Portuqaliya millisinin baş məşqçisi Jorge Jezuş Kriştiano Ronaldunun yığmaya qayıtması ilə bağlı açıqlama verib. O, kapitanın milli komandaya yalnız özü istədiyi halda dönəcəyini bildirib.
Jezuş Record-a açıqlamasında Ronaldo ilə bağlı vəziyyətin bəzi şəxslər tərəfindən böyüdüldüyünü deyib. Məşqçinin sözlərinə görə, futbolçunun isinməyə göndərilib meydana buraxılmaması mübahisə yaradıb, lakin bu, Ronaldunun milli karyerasını qəfil bitirməsi üçün əsas olmamalıdır.
Baş məşqçi Ronaldunun yığmada qalmasını istədiyini, amma futbolçunun karyerasını nə vaxt və necə başa vuracağına özünün qərar verməli olduğunu vurğulayıb. Jezuş bu barədə Ronaldo ilə söhbət etdiyini də qeyd edib.
Ronaldo Millətlər Liqasının Danimarka ilə üçüncü tur oyunundan (4:2) əvvəl milli komandanın düşərgəsini tərk edib. Bu, Jezuşun aralarında münaqişə olmadığını bildirməsinə baxmayaraq baş verib. Portuqaliya mediası hücumçunun milli komandadakı çıxışlarını bitirmək niyyətində olduğu barədə məlumat yayıb. Həmçinin Jezuşun barışıq görüşünə razılıq verdiyi və futbolçunu noyabr oyunları üçün heyətə daxil etmək istədiyi bildirilib.