"İtaliya İsraildən beynəlxalq sularda qanunsuz şəkildə saxlanılan “Qlobal Sumud Donanması” aktivistlərinə qarşı pis rəftara görə üzr tələb edəcək və məsələ ilə bağlı izahat almaq üçün İsrail səfirini çağıracaq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Corcia Meloni deyib.
İtaliyanın Baş naziri Corcia Meloni və Baş nazirin müavini, xarici işlər naziri Antonio Tajani İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Itamar Ben-Gvirin paylaşdığı görüntülərlə bağlı açıqlama veriblər.
Meloni bildirib ki, İsrailli nazir Itamar Ben-Qvirin görüntüləri qəbuledilməzdir:
"Aralarında çoxlu sayda İtaliya vətəndaşının da olduğu bu aktivistlərin insan ləyaqətini alçaldan rəftara məruz qalması yolverilməzdir”.
Meloni qeyd edib ki, sözügedən İtaliya vətəndaşlarının dərhal azad olunması üçün bütün rəsmi kanallar vasitəsilə lazımi addımlar atılıb.
O həmçinin vurğulayıb ki, İtaliya həm aktivistlərə qarşı münasibətə, həm də İtaliya hökumətinin açıq tələblərinə göstərilən hörmətsizliyə görə İsraildən üzr tələb edir.
Baş nazir əlavə edib ki, bu səbəbdən Xarici İşlər Nazirliyi İsrailin səfirini dərhal çağıraraq hadisə ilə bağlı izahat istəyəcək.
Xarici işlər naziri Antonio Tajani də Ben-Qvirin paylaşdığı videonun tamamilə qəbuledilməz və insan ləyaqətinə zidd olduğunu bildirib.
Tajani qeyd edib ki, Baş nazir Meloni ilə razılaşdırılmış şəkildə İsrailin Romadakı səfirini nazirliyə çağıracaqlar.
Ben-Qvir aktivistlərin saxlanıldığı Aşdod Limanına getdiyini və İsrail təhlükəsizlik qüvvələrinin aktivistlərə qarşı sərt davranışını əks etdirən görüntüləri paylaşmışdı.
Kadrlarda Ben-Qvir keçərkən bir qadın aktivistin “Azad Fələstin” qışqırdığı, İsrail polisinin isə ona sərt müdaxilə edərək yerə yıxdığı görünür. Bu zaman ifrat sağçı Ben-Qvirin "Məhz belə davranmaq lazımdır” dediyi eşidilir.