"Vətəndaşlarımız mütəmadi olaraq bu məsələlərlə bağlı müraciətlər edirlər. Hesab edirəm ki, bunun qanunla tənzimlənməsi onu tamamilə ehtiva edəcək. Son vaxtlar korrupsiyaya qarşı aparılan mübarizə nəticəsində ayrı-ayrı məmurların məsuliyyətə cəlb olunması və onların qeyri-qanuni korrupsiya yolları ilə əldə etdiyi vəsaitlərin ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına yazdırılması və nəticə etibarilə özünün heç nəyi olmaması, hətta yaşayış evinin belə olmaması, kirayə yaşaması kimi hallarına rast gəlirik. Bu da insanlarda ikrah hissi doğurur və hesab edirəm ki, burda düzgün olaraq bəyannamə qabaqcadan elan olunmalıdır. Bir çox hallarda çoxusu göstərir ki, keçmişdən bunun qalan vəsaitləri olub, babasından qalıbdır. Əslində yoxlasan babası lütün biri olubdur. Hesab edirəm ki, bəyannamə bunun hamısını açıq şəkildə göstərəcək".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bu qanun layihəsi ədalətsiz sahibkarlığın qarşısını alacaq: "Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan həmin insanlar kifayət qədər oğurladığı pulları bu və ya digər formada ticarət, tikinti, fermer və digər sahələrə qoymaqla kiçik və orta sahibkarlığın belini qırır. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş gedib bankdan 23-24 faizə kredit götürüb bu işi görmək istəyəndə, bu külli miqdarda vəsaiti tökür, dəyərinə dəyməzinə işlərini görür və əldə etdiyi məhsulu da dəyərinə-dəyməzinə satır, çünki pul havayıdır və bu havayı pulun nəticəsində bunu əldə edir. Minlərlə insan kənd yerlərində onların hesabına demək olar ki, hər hansı bir bizneslə məşğul olmaqdan kənarda qalır. Biz bu qanunu qəbul etməklə bu qarşılıqlı rəqabəti də ortadan qaldırmalı olacağıq. Digər məsələ biz burda hər iki tərəfi də nəzərdə almalıyıq. Məmura təklif edən də var. Məmura əgər təklif eləməsə, məmur rüşvəti haradan ala biləcək? Təklif edən tərəfi də qınamalıyıq, düzgün yolu göstərməliyik. Fərasətsiz, təhsili olmayan, zəif təhsilli övladını bu və ya digər şirnikləşdirməklə və yaxud da ki hədiyyələrlə, digər vasitələrlə işə cəlb etmək olmaz. O dövlətə, həmin rayonun işinə, ümumiyyətlə o strukturun işinə də ziyandır".