Çərşənbə axşamı, noyabrın 24-də Rusiya hərbi təyyarələrinin Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olaraq suveren hava məkanına yaxınlaşmasından sonra Seul qırıcı təyyarələri havaya qaldırıb və ölkənin şərqindəki Ulleungdo adasının sakinlərinə təcili sığınacaq xəbərdarlığı verib. AnewZ-in məlumatına görə, Cənubi Koreya hərbçiləri təyyarələrdən heç birinin ölkənin suveren hava məkanına daxil olmadığını təsdiqləyib.
Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi (JCS) adaya yaxınlaşan bir neçə Rusiya hərbi təyyarəsini izlədiyini və buna görə qırıcıların havaya qaldırıldığını bildirib.
Hərbi sözçü Çan Do-yun brifinqdə deyib ki, hava məkanına müdaxilə gözlənildiyindən əhalinin təhlükəsizliyini qorumaq üçün qabaqlayıcı xəbərdarlıq edilib. Cənubi Koreyanın Müdafiə Nazirliyi etirazını bildirmək üçün Rusiyanın hərbi attaşesini çağıracağını açıqlayıb. Seuldakı Rusiya səfirliyi şərh sorğusuna dərhal cavab verməyib.
Ulleungdo sakinlərinə sığınacaq xəbərdarlığı verilib
Daxili İşlər Nazirliyi yerli vaxtla saat 07:52-də əhalisi təxminən 8 700 nəfər olan Ulleungdo sakinlərinə sığınacaqda qalmaq barədə təcili xəbərdarlıq göndərib. Vulkanik ada ölkənin şərq sahilindən 120 kilometr aralıda yerləşir. Mesajın ingiliscə hissəsində “EVAKUASİYA, HAVA HÜCUMU” yazılıb.
Televiziya yayımları ekranda sakinlərə yaxınlıqdakı yeraltı sığınacağa keçməyə hazırlaşmaq və yayımları dinləmək barədə xəbərdarlıqlarla kəsilib. Xəbərdarlıq üç dəqiqə sonra ləğv olunub.
JCS-in məlumatına görə, Cənubi Koreya qırıcıları hər hansı insidentin qarşısını almaq üçün “taktiki manevrlər” həyata keçirib.
Siqnallar ada sakinlərində çaşqınlıq yaradıb
Adada sirenlər səslənib, bəzi sakinlər isə başlarının üzərindən qırıcı təyyarələrin keçdiyini eşitdiklərini deyiblər. 41 yaşlı tikinti işçisi Çon Hae-sın “Hankyoreh” qəzetinə bildirib ki, təcili bildiriş aldıqdan sonra çölə qaçıb. O, nə baş verdiyini anlamağa çalışarkən mülki müdafiə yayımının səsləndiyini, lakin deyilənləri eşidə bilmədiyini söyləyib.
Digər sakin Bek Un-bae “YTN” telekanalına deyib ki, yaşlı bir sakin ona zəng edərək müharibənin başlayıb-başlamadığını soruşub. Onun sözlərinə görə, yaşlı insanların mediaya çıxışı yoxdur və xəbərdarlıq yayımını eşidəndə nə edəcəklərini bilməyəcək qədər təşvişə düşürlər.
Şimali Gyeongsan əyalətinin hakimiyyət orqanları da Şimali Koreya təyyarəsindən şübhələnildiyini bildirən ayrıca xəbərdarlıq yayıb. Rəsmilər sonradan mesajı geri götürərək səhvi adi fövqəladə vəziyyət təlimlərində istifadə olunan ifadələrin götürülməsi ilə izah ediblər.
Çərşənbə axşamı baş verən hadisə bu il Rusiya hərbi təyyarələrinin Cənubi Koreyanın ADIZ zonasına məlum olan dördüncü, bir həftə ərzində isə ikinci daxilolması olub. Suveren hava məkanından fərqli olaraq, ADIZ ölkələrin yaxınlaşan təyyarələri müəyyənləşdirdiyi və mümkün təhlükəsizlik risklərinə cavab verdiyi zonadır. Belə zonaya əvvəlcədən xəbərdarlıq etmədən daxil olmaq öz-özlüyündə beynəlxalq hüququn pozulması sayılmır.
Rusiya Koreya zonasının beynəlxalq hüquqda əsasının olmadığını bildirir və Seulun həmin zona üzərində səlahiyyətini tanımır. Rusiya hərbi təyyarələri əvvəlcədən xəbərdarlıq etmədən bu zonaya dəfələrlə daxil olub.
Cənubi Koreya parlamentinə təqdim olunan məlumatlara əsasən, 2024-cü ilə qədərki beş ildə Rusiya təyyarələrinin xəbərdarlıq etmədən zonaya təxminən 60, Çin təyyarələrinin isə təxminən 430 dəfə daxil olması qeydə alınıb.
Seul 2025-ci ilin martında 10 gün ərzində baş verən səkkiz daxilolmadan sonra Rusiyanın müdafiə attaşesini çağırıb. 2019-cu ildə isə Rusiya hərbi təyyarəsinin Cənubi Koreyanın suveren hava məkanını pozmasından sonra ölkənin qırıcıları xəbərdarlıq atəşi açıb.