İtaliyanın Baş naziri Giorgia Meloninin rəhbərlik etdiyi mühafizəkar hökumət ölkənin təhsil sistemində inteqrasiya siyasətini sərtləşdirən yeni qanun layihəsini Nazirlər Kabinetinin müzakirəsinə çıxarmağa hazırlaşır. Yeni təşəbbüs siniflərdə italyan dilini zəif bilən əcnəbi şagirdlərin sayına hüquqi limitin tətbiq edilməsini, məktəblərdə burqa və niqabın qadağan olunmasını nəzərdə tutur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidməti və yerli KİV-lər Baş nazir Giorgia Meloninin “İtaliya Qardaşları” partiyasının gənclər festivalındakı çıxışına istinadən məlumat yayıb.
Məlumata görə, Təhsil naziri Giuseppe Valditaranın təklif etdiyi dəyişikliklər 2010-cu ildən qüvvədə olan, lakin indiyədək daha çox tövsiyə xarakteri daşıyan "siniflərdə maksimum 30% əcnəbi şagird" qaydasına rəsmi hüquqi qüvvə verilməsini məqsəd qoyur. Yeni qaydalar Aİ-yə daxil olmayan ölkələrdən gələn və dili zəif bilən uşaqlara şamil olunacaq. Eyni zamanda, inteqrasiya problemi yaşayan əcnəbi uşaqların valideynləri üçün de məcburi italyan dili kursları təşkil ediləcək. Meloni çıxışında vurğulayıb ki, sinifdə italyan dilini bilməyən şagirdlərin çoxluq təşkil etməsi inteqrasiya deyil, diqqətsizlikdir və hamı ölkənin qaydalarına hörmət etməlidir.
Rəsmi statistikalara görə, hazırda İtaliya məktəblərində 930 minə yaxın (ümumi şagirdlərin 11,6%-i) əcnəbi təhsil alır. Təhsil həmkarlar ittifaqları və hüquqşünaslar isə məhdudiyyətlərin xüsusilə miqrantların sıx yaşadığı şimal bölgələrində praktiki və konstitusion problemlər yaradacağını, məktəblərin şagird qəbulundan imtina etmək imkanlarının olmadığını bildirirlər.