AnewZ-nin məlumatına görə, İtaliyada bomba hədələri ilə bağlı xəbərdarlıqlardan sonra ən azı 300 məktəb təxliyə edilib. Oxşar mesajlar Şotlandiya və İrlandiyada da yayılıb. Polis hədələrin inandırıcı olmadığını bildirib.
İtaliya hökuməti məktəblərin təxliyəsini təsdiqləyib. Avropada supermarketlər, qan bankları, hava hərəkətinə nəzarət xidmətləri və televiziya yayımçılarını hədəf alan hədələr və kiberhücumlar da qeydə alınıb.
İtaliyanın Baş naziri Corcia Meloni sosial şəbəkələrdə hədələrin təhlükə yaratmadığını yazıb. O, polis və digər dövlət qurumlarının vəziyyəti izlədiyini, vəziyyəti qiymətləndirmək və növbəti addımları əlaqələndirmək üçün hökumət qərargahında toplantıya sədrlik edəcəyini bildirib.
Təhsil naziri Cüzeppe Valditara “La7” telekanalına hədələrin saxta hesab edildiyini, təsirlənən məktəblərin sayının arta biləcəyini deyib. Romadakı məktəblərdən biri valideynlərə mesajlaşma tətbiqi vasitəsilə bütün şagirdlərin təhlükəsiz yerə aparıldığını və müəllimlərin nəzarətində olduqlarını bildirib.
Roma polisi sözçüsünün sözlərinə görə, İtaliya polisi araşdırmaya başlayıb. “Reuters”in əldə etdiyi elektron məktubda İtaliya məktəblərinə göndərilən mesajın “Misoginistan vilayətinin lideri Mixail Andropov” imzası ilə göndərildiyi qeyd olunub. Eyni ad ötən cümə günü İrlandiya və Bolqarıstanın redaksiyalarına ünvanlanan bomba hədələri ilə bağlı məsuliyyəti üzərinə götürən məktublarda da yer alıb.
İtaliyanın müdafiə naziri Qvido Krosetto “Adnkronos” agentliyinə hədələri “qorxu yaymaq və təşviş yaratmaq üçün artıq kifayət qədər aydın olan strategiyanın bir hissəsi” adlandırıb. O, bunun hər zaman xarici ölkələrin və ya düşmən qüvvələrin işi olmadığını, diqqət çəkməyə çalışanların və “şəhərdə və ya bölgədə terror yaratmaq fürsətini gözləyən dəlilərin” də ola biləcəyini deyib.
Şimali İrlandiya, İrlandiya və Şotlandiyada məktəblərə xəbərdarlıqlar
Şimali İrlandiya polisi 300-dən çox məktəbə hədələyici elektron məktublar göndərildiyini bildirib. Polis mesajların Böyük Britaniyadan kənardan göndərilən saxta hədələr olduğunu açıqlayıb.
Polis rəis müavini Entoni Maknalli məktəblər, şagirdlər və valideynlər arasında narahatlığı anladıqlarını, bu cür hadisələrə çox ciddi yanaşdıqlarını söyləyib. Təhsil İdarəsi isə polisin hədələri inandırıcı saymamasından sonra məktəblərə açıq qalmağı tövsiyə edib.
İrlandiya Respublikasında polis bir neçə məktəbə göndərilmiş “ümumi xarakterli mesaj”dan xəbərdar olduqlarını, hədənin inandırıcı olmadığını və təxliyəyə ehtiyac olmadığını bildirib. Polis saxta və qeyri-ciddi bomba hədələri ilə bağlı fəallığın artdığını qeyd edib və şübhəli mesaj alanları polisə müraciət etməyə çağırıb.
Şotlandiya polisi də elektron məktubları qısa müddətdə qiymətləndirərək onların saxta olduğu qənaətinə gəlib. Qurumun açıqlamasında araşdırmanın mesajların inandırıcı təhlükə yaratdığını və ya ictimaiyyət üçün daha geniş təhdidin mövcud olduğunu göstərən heç nə üzə çıxarmadığı bildirilib.
Avropada mümkün “hibrid” kampaniya narahatlıq yaradır
Məktəblərə yönələn hədələr Avropa rəsmilərinin Ukraynaya dəstək verən ölkələri hədəf alan mümkün “hibrid” pozuculuq kampaniyası ilə bağlı narahatlığını artırıb. Bir sıra Avropa ölkələri bu fəaliyyətlərdə Rusiyanın əli olduğunu iddia edib; Moskva bu ittihamları rədd edir.
Başqa bir hadisə ilə bağlı Fransa bu həftə İranın səfirini çağıraraq Tehranın yüzlərlə supermarketdə soyuducuları sıradan çıxaran kiberhücumu həyata keçirdiyini iddia edib. İran Xarici İşlər Nazirliyi İnqilab Keşikçilərinin məsuliyyət daşıdığı barədə iddiaları “əsassız və düşmənçilik xarakterli” adlandırıb.