İsrail və Livan arasında keçirilən danışıqların 7-ci raundu İtaliyanın paytaxtı Roma şəhərində davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Livan mətbuatının yaydığı məlumata görə, üç gün davam etməsi planlaşdırılan görüşlərin ikinci günündə tərəflərin nümayəndə heyətləri ABŞ-nin Romadakı səfirliyində bir araya gəlib.
Məlumata əsasən, danışıqların əsas mövzusu atəşkəsin daimi xarakter alması və pilot bölgə tətbiqinin texniki detallarının müəyyənləşdirilməsidir. Livanlı yüksək rütbəli rəsmi şəxsin sözlərinə görə, tərəflər arasında dialoq prosesi intensiv şəkildə davam edir.
Qeyd olunub ki, İsrail və Livanın Vaşinqtondakı səfirləri bu ilin aprel ayında ABŞ-ın vasitəçiliyi ilə ilkin hazırlıq görüşü keçiriblər. ABŞ Dövlət Departamentində baş tutan həmin toplantı 1993-cü ildən bəri iki ölkə arasında keçirilən ən yüksək səviyyəli birbaşa danışıqlar kimi qiymətləndirilib.
Bildirilib ki, İsraillə birbaşa təmaslar Livanda ciddi siyasi müzakirələrə səbəb olub. Prezident Cozef Avn və Baş nazir Nəvvaf Salam danışıqları qan tökülməsinin qarşısını almaq və uzunmüddətli sülhə nail olmaq üçün vacib addım hesab edirlər. Bunun əksinə olaraq, "Hizbullah" və ona yaxın siyasi qüvvələr birbaşa təmasları "təslimiyyət" kimi qiymətləndirərək prosesə etiraz edirlər.
Xatırladaq ki, tərəflər arasında 5-ci raundun sonunda, iyunun 26-da çərçivə sazişi imzalanıb. Danışıqların 6-cı raundu isə iyulun 14-15-də Romada keçirilib. ABŞ Prezidenti Donald Tramp da yaxın vaxtlarda İsrailin Baş naziri Binyamin Netanyahu və Livan Prezidenti Cozef Avnı Ağ Evdə qəbul etməyi planlaşdırdığını açıqlayıb.