Pedro Sançesin sosialistlərin rəhbərlik etdiyi hökumətinin səkkiz illik hakimiyyətindən sonra İspaniyada noyabrın 29-da parlament seçkiləri keçiriləcək. Seçicilər solçu hökumətin hakimiyyətdə qalması, yaxud ifrat sağçı “Vox”un dəstəkləyə biləcəyi mühafizəkar hökumət arasında seçim edəcəklər.
AnewZ-nin məlumatına görə, səsvermə məntəqələri Qrinviç vaxtı ilə saat 08:00-da açılacaq, 19:00-da bağlanacaq. Nəticələrin bağlanışdan bir saat sonra açıqlanacağı gözlənilir.
Seçki niyə vaxtından əvvəl keçirilir?
Sançes seçkini planlaşdırılandan səkkiz ay əvvəl təyin edib. Buna səbəb parlamentin İspaniyanın mənzil qanunlarına təklif olunan dəyişiklikləri rədd etməsi olub.
İslahat təklifləri 87 yaşlı Mari Carmen Abaskalın Madriddə kirayələdiyi mənzildən çıxarıldıqdan sonra vəfat etməsi ilə bağlı ölkəboyu etirazlardan sonra gündəmə gətirilmişdi.
Hökumət, həmçinin, Kataloniyadan olan mərkəz-sağçı “Junts” partiyasının dəstəyini itirib. Partiya əmlak sahiblərinin hüquqlarının qorunmasını istəyirdi.
Mənzil məsələsi seçkinin əsas mövzularındandır. Həyat bahalığı, korrupsiya və miqrasiya da gündəmdədir. Səsvermə İspaniyanın sürətli dəmir yolu şəbəkəsinə ictimai etimadı sarsıdan ölümcül qatar qəzasından bir neçə həftə sonra keçirilir.
Rəy sorğularında Xalq Partiyası öndədir
Alberto Nunyes Feyxoonun rəhbərlik etdiyi mühafizəkar Xalq Partiyası (PP) əksər rəy sorğularında Sosialist Partiyasını (PSOE) cüzi fərqlə qabaqlayır.
Feyxoo seçkini İspaniyanın son 50 ildəki ən əhəmiyyətli siyasi məqamlarından biri ola biləcək hadisə kimi xarakterizə edib. O, dövlət institutlarında islahat aparacağına, demokratiyanı canlandıracağına, milli birliyi və özünəinamı bərpa edəcəyinə söz verib.
Hökumət qurmaq üçün Feyxoonun, ehtimal ki, sorğularda üçüncü yerdə olan “Vox”un dəstəyinə ehtiyacı olacaq. İspaniyanın təxminən 50 milyon əhalisindən 39 milyona yaxın insan parlamentin hər iki palatası — Deputatlar Konqresi və Senat üçün səsvermə hüququna malikdir.
2015–2025-ci illər arasında İspaniyada mənzil qiymətləri və kirayə haqqı 80 faizdən çox artıb, əməkhaqlarının artımı isə bu yüksəlişə çatmayıb. Tələbatın yüksək, təklifin məhdud olması mənzil böhranını dərinləşdirib. İspaniya Bankının hesablamasına görə, təzyiqi azaltmaq üçün əlavə 700 min mənzilə ehtiyac var.
Milyonlarla ispan mənzil almaqda çətinlik çəkir, kirayələrin artması isə bir çox kirayəçini evdən çıxarılma riski ilə üz-üzə qoyur. Həmkarlar ittifaqlarının məlumatına görə, noyabrın 11-də dörd milyon ispan 2012-ci ildən bəri ölkədə keçirilən ilk ümumi tətilə qoşulub.
Mənzil islahatı Sançesin seçki kampaniyasının əsas hissəsidir. Solçu partiyalar kirayə haqlarına nəzarət və evdən çıxarılmaya qarşı daha güclü müdafiəni dəstəkləyir. Sağçı partiyalar isə daha çox mənzil tikməyi, ev alıcılarına vergi güzəştləri təqdim etməyi və tikinti planlaşdırılması ilə bağlı məhdudiyyətləri yumşaltmağı təklif edirlər.
Miqrasiya da kampaniyanın əsas mövzularından birinə çevrilib. İyulda Mərakeşdən İspaniyanın Şimali Afrikadakı anklavı Seutaya on minlərlə miqrant keçdikdən sonra Feyxoo Sançesi “miqrasiya məsələsində Avropa üçün problem” adlandırıb.
Kanar adalarından biri olan El Hierroda da bu ay miqrantların gəlişi görünməmiş həddə çatıb: noyabrın 24-də adaya 2 min nəfər gəlib. “Vox”un lideri Santyaqo Abaskal vəziyyəti “başqa bir işğal” adlandırıb.
İspaniyanın Sosioloji Araşdırmalar Mərkəzinin (CIS) son sorğusunda isə seçicilər əsas narahatlıqları sırasında mənzil, həyat bahalığı, səhiyyə və əmək şəraitini miqrasiyadan xeyli üstün tutublar.
PP və “Vox” hökumətin sənədsiz miqrantların statusunu leqallaşdırmaq proqramını kəskin tənqid ediblər. Proqrama bu il 1,2 milyon müraciət daxil olub. Feyxoonun partiyası miqrasiya nəzarətinin sərtləşdirilməsini, “Vox” isə kütləvi deportasiyaları müdafiə edir.
Sançesin hakimiyyətdə qalmaq imkanları
Sosialistlərə dəstək 2023-cü il seçkisindən sonra azalıb. Həmin seçkidə ikinci yeri tutan Sançes əsasən solçu partiyaların dəstəyi ilə daha bir müddət hökumət qurmuşdu.
İspaniya Deputatlar Konqresində mütləq çoxluq üçün 350 yerdən 176-sı tələb olunur. Lakin Sançesin potensial solçu müttəfiqlərinə, xüsusilə “Geniş Cəbhə”yə (“Frente Amplio”) dəstəyin zəifləməsi diqqəti Feyxoonun mühafizəkarlarına yönəldib.
“Bu, solçuların səfərbərliyinin azalmasıdır. Sançesin partiyasının vəziyyəti yaxşı deyil”, — Navarra Universitetinin siyasət təhlilçisi və qonaq professoru Xakobo Ramos Folç deyib.
“Çoxluğun olmaması artıq reallıqdır — eyni zamanda ‘Vox’un yüksəlişi də. Çoxluqlar arasındakı dəyişiklik ‘Vox’un yüksəlişindən qaynaqlanır”, — o əlavə edib.
2013-cü ildə yaradılan ifrat sağçı “Vox” hazırda İspaniya Deputatlar Konqresində 33 yerə sahibdir. Rəy sorğuları partiyanın parlamentdəki təmsilçiliyinin təxminən iki dəfə arta biləcəyini göstərir.
Partiyanın əsas siyasəti “milli prioritet” prinsipinə əsaslanır: İspaniya vətəndaşlarına subsidiya və sosial yardımlardan üstün istifadə imkanı vermək. “Vox” qanunsuz vəziyyətdə olan miqrantların geri göndərilməsini, həmçinin İspaniyaya töhfə vermədiyini düşündüyü əcnəbilərin “remiqrasiyasını” müdafiə edir.
Seçki sistemi və sonrakı mərhələlər
İspaniyanın 50 əyalətinin hər birinə Deputatlar Konqresində ən azı iki yer ayrılır. Seuta və Melilyanın hərəsinə bir yer verilir, qalan 248 yer isə əhalinin sayına uyğun bölüşdürülür. Madrid əyaləti 38, Barselona 32, Valensiya isə 16 yerə sahib olacaq.
Partiyalar parlamentdə təmsil olunmaq üçün dairədə səslərin ən azı 3 faizini toplamalıdır. Yeri az olan kiçik əyalətlərdə isə faktiki seçki həddi, bir qayda olaraq, daha yüksək olur.
Yeni seçilmiş Deputatlar Konqresi dekabrın 23-də toplaşaraq spiker seçəcək. Daha sonra Kral VI Felipe baş nazir postuna namizəd irəli sürəcək. Adətən, bu, ən çox səs toplamış partiyanın lideri olur.
Namizəd ilk parlament səsverməsində ən azı 176 səs toplamalı, yaxud ikinci turda sadə çoxluq əldə etməlidir. Koalisiya danışıqları üçün ilkin müddət müəyyən edilməyib, lakin yeni baş nazir ilk investitura səsverməsindən iki ay ərzində seçilməlidir; əks halda yenidən seçki keçiriləcək.