İslandiya hökuməti kommersiya məqsədli balina ovunu birdəfəlik qadağan edən qanun layihəsini fevral ayında parlamentə təqdim etməyə hazırlaşır. Hökumətin saytında bildirilib ki, layihəyə “balina ovuna daimi qadağa” müddəası daxil ediləcək.
Hakim koalisiya parlamentdə çoxluğa malikdir və bu, qanun layihəsinin qəbul olunma ehtimalını artırır. “Humane World for Animals” təşkilatının nümayəndəsi Vendi Hiqqins bildirib ki, qadağaya həm siyasi, həm də ictimai dəstək var. O, qərarın etik, baytarlıq, hüquqi və mühafizə baxımından əsaslandırıldığını qeyd edib.
Təklif olunan qadağa balina ətinə tələbatın azalması fonunda gündəmə gəlib. İslandiyada hər il təxminən 350 000 nəfər balina müşahidəsi turlarında iştirak edir. Turizm ölkənin ümumi daxili məhsulunun təxminən 8,8 faizini təşkil edir.
“Humane World for Animals” təşkilatının istinad etdiyi sorğulara görə, İslandiya əhalisinin iki faizindən azı balina əti yeyir. Daxili tələbatın əhəmiyyətli hissəsini isə xarici turistlər formalaşdırır.
İslandiyada balina ovuna qarşı kampaniyalar Leonardo DiKaprio, Ceyson Momoa, rejissor Ceyms Kemeron və islandiyalı musiqiçi Byork kimi tanınmış şəxslərin dəstəyini qazanıb.
Ölkənin balina ovu sənayesi əsasən Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən həssas növ kimi təsnif edilən fin balinalarına yönəlib. “Humane World for Animals” təşkilatının məlumatına görə, iyundan sentyabrın sonlarına qədər davam edən builki ov mövsümündə sentyabrın 9-dək 80 fin balinası ovlanıb. Mövcud kvota bu il 150-yə qədər fin balinasının öldürülməsinə imkan verir.
2024-cü ildə İslandiyanın müvəqqəti hökuməti ölkədə balina ovu ilə məşğul olan sonuncu şirkətə beşillik lisenziya verib. Qərar ekoloji və heyvanların rifahını müdafiə edən təşkilatların davamlı tənqidinə səbəb olub.
İslandiya qadağanı təsdiqləyərsə, Norveç və Yaponiya kommersiya məqsədli balina ovunu davam etdirən yeganə ölkələrə çevrilə bilər. Beynəlxalq Balinaçılıq Komissiyasının ov məlumatlarına əsasən, son illərdə bu fəaliyyəti həyata keçirən ölkələr İslandiya, Norveç və Yaponiya olub.
Norveç kommersiya məqsədli balina ovunu 1993-cü ildə bərpa edib. İslandiya isə balina populyasiyalarının qorunması məqsədilə 1986-cı ildə tətbiq edilən beynəlxalq moratoriuma baxmayaraq, 2006-cı ildə bu fəaliyyətə yenidən başlayıb. Yaponiya 2019-cu ildə Beynəlxalq Balinaçılıq Komissiyasından çıxaraq öz ərazi sularında və müstəsna iqtisadi zonasında kommersiya ovunu bərpa edib.
Kommersiya məqsədli balina ovuna qlobal qadağa Qrenlandiya və Alyaskadakı bəzi yerli icmalar üçün istisnalar nəzərdə tutur. Balina məhsulları həmin icmaların ənənəvi qidalanmasında və mədəni təcrübələrində mühüm yer tutduğu üçün onların ovuna icazə verilir.