"ABŞ-nin İranla münaqişəsi yaxın iki ay ərzində tamamilə fərqli mərhələyə keçəcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib.
"Biz gələcəyi proqnozlaşdıra bilmərik. Lakin hesab edirəm ki, prezident ABŞ-nin İranla münaqişəsinin yaxın iki ay ərzində tamamilə fərqli mərhələyə keçəcəyini söyləməkdə haqlıdır", - Vens bildirib.
Vitse-prezidentin sözlərinə görə, ABŞ artıq münaqişənin birinci mərhələsini həyata keçirib. Bu mərhələ İranın nüvə proqramının və İslam Respublikasının silahlı qüvvələrinin məhv edilməsini əhatə edib.
Vens əlavə edib ki, ikinci mərhələdə İranın öz hərbi potensialını bərpa edə bilməməsinin təmin edilməsi və bundan sonra qlobal sabitliyin mümkün qədər qorunmasına çalışılması nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə ABŞ ilə İran arasında münaqişənin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirib.