İran BMT-nin nüvə üzrə nəzarət qurumu olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ölkənin nüvə işinin BMT Təhlükəsizlik Şurasına göndərilməsi barədə qərarını rədd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi qərarı “fundamental olaraq əsassız” adlandırıb. O bildirib ki, İranın dinc məqsədli nüvə fəaliyyəti MAQATE-nin qayda və tələblərinə uyğundur.
Baqayi ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanı qərar layihəsini irəli sürdüklərinə görə tənqid edib. Onun sözlərinə görə, İranın “öhdəliklərə əməl etməməsi” ilə bağlı iddialar ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarının nəticəsidir.
“İranın nüvə işinin Təhlükəsizlik Şurasına göndərilməsi fundamental olaraq əsassızdır. Çünki İran heç bir öhdəliyi pozmayıb”, – deyə Baqayi bildirib.
İran rəsmisi, həmçinin qərarın lehinə səs verən Yaponiya və Səudiyyə Ərəbistanını tənqid edib. Baqayi nüvə silahlarının qurbanı olmuş Yaponiyanın və regionda ABŞ və İsrailin İrana qarşı addımlarının nəticələrini görən Səudiyyə Ərəbistanının bu mövqeyini təəssüf doğuran hal kimi qiymətləndirib.
İranın hüquqi məsələlər üzrə xarici işlər nazirinin müavini Kazım Qəribabadi də qərarı sərt şəkildə rədd edib. O bildirib ki, İranın MAQATE təminatları çərçivəsində olan nüvə obyektlərinə hücum edilib və normal yoxlama prosesi pozulub.
Qəribabadi “X” platformasındakı paylaşımında qeyd edib ki, hücumlar nəticəsində yaranan vəziyyət sonradan MAQATE Rəhbərlər Şurasında qərar qəbul etmək üçün bəhanəyə çevrilib.
İran parlamenti obyektlərə endirilən zərbələrdən sonra bombalanmış ərazilərdə yoxlamalarla bağlı MAQATE ilə əməkdaşlığı dayandırıb və agentliyin baş direktorunun İrana səfərinə qadağa qoyub.
İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında səfiri Rza Nəcəfi isə MAQATE-nin qərarını “siyasi motivli” və “təhrif olunmuş” sənəd adlandırıb. O, qərar layihəsinin hüquqi standartları təhrif etdiyini və siyasi təzyiq vasitəsinə çevrildiyini bildirib.
Tehran nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini vurğulayır. İran bombalanmış obyektlərdə yoxlamaların müharibə şəraitində monitorinqi nəzərdə tutan ayrıca protokol əsasında aparılmasını tələb edir.