Dohada keçirilməsi planlaşdırılan İran–ABŞ danışıqları ətrafında ciddi fikir ayrılığı yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi Vaşinqton yüksək səviyyəli nümayəndə heyəti ilə danışıqlara hazırlaşdığı halda, Tehran tərəfi yaxın günlərdə belə bir görüşün nəzərdə tutulmadığını bəyan edib.
Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff danışıqlar qrupuna rəhbərlik edəcək. Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Qətərə texniki heyətin göndəriləcəyini təsdiqləsə də, bu səfərin ABŞ nümayəndə heyətinin planlaşdırılan səfəri ilə əlaqəli olmadığını vurğulayıb.
Məlumata görə, aprel ayında əldə edilmiş atəşkəs rejiminin uzadılması və nüvə proqramı ilə bağlı 14 bəndlik razılaşmanın icrası üçün 60 günlük müddət müəyyən edilsə də, proses ləngiyir. Tərəflər bir-birini razılaşdırılmış öhdəlikləri yerinə yetirməməkdə ittiham edir.
Xüsusilə fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Hürmüz boğazında gəmiçilik fəaliyyətinin ciddi şəkildə məhdudlaşdığı bildirilir.
Tehran boğazdan keçən gəmilər üçün rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb. ABŞ isə İranın ticarət gəmilərinə hücum etdiyini iddia edərək buna cavab olaraq İranın hərbi obyektlərini hədəf aldığını bildirib. Daha sonra İranın da Küveyt və Bəhreyndə yerləşən ABŞ bazalarına zərbələr endirdiyi qeyd olunur.
İran prezidenti Məsud Pezeşkian Qətərdə dondurulmuş 12 milyard dollarlıq İran aktivlərinin 6 milyardının sərbəst buraxılacağını açıqlayıb və bunu “diplomatik uğur” kimi qiymətləndirib.
Beynəlxalq səviyyədə isə gərginliyin azaldılması üçün səylər davam edir. Fransa prezidenti Emmanuel Makron Omanla əməkdaşlıq çərçivəsində Hürmüz boğazında təhlükəsizliyin təmin olunması və minalardan təmizlənmə təşəbbüsü irəli sürdüyünü bildirib. Lakin İran XİN rəsmisi Kazem Qəribabadi bu prosesin yalnız Tehran tərəfindən həyata keçirilə biləcəyini vurğulayaraq xarici müdaxilələri tənqid edib.