İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə istiqamətinə yönəldiyi müəyyən edilən ballistik raket, Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir: "Hatay vilayətinin Dördyol rayonunda yerə düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı itki və ya xəsarət qeydə alınmayıb".
Həmçinin əlavə olunub ki, vətəndaşların təhlükəsizliyini təmin etmək istiqamətində Türkiyənin iradəsi və imkanları ən yüksək səviyyədədir.
"Türkiyə regional sabitlik və sülhün tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsinə yönəlik bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaqdır."
Bəyanatda vurğulanır: "Ölkəmizə qarşı yönəlmiş hər cür düşmən mövqeyə cavab vermək hüququmuzun qorunduğunu xatırladırıq. Bütün tərəfləri münaqişələrin bölgədə daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik".